İyun ayından başlayaraq, karantin rejiminin yumşaldılması fonunda koronavirusa yoluxanların sayının kəskin artmasının qarşısını almaq məqsədilə ölkənin baş infeksionisti belə bir təkliflə çıxış edib ki, Bakıda əhalinin sıxlığını azaltmaq, insanların rayonlara buraxılmasını təşkil etmək lazımdır. O deyib ki, paytaxtda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa, yoluxma da azalacaq. Doğrusu, belə bir məsuliyyətli bəyanatın Operativ Qərargahla razılaşdırılıb-razılaşadırılmadığı bəlli deyil, digər tərəfdən, onun ictimai rəyi öyrənmək üçün bir test olduğunu düşünmək də çətindir. Çünki baş infeksionist Qərargahın üzvüdür və bəllidir ki, Hökumət karantin dövründə əhalini yaşadığı yerdə qalmağa çağırır.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, Azərbaycanın çarizm, sovetlər və müstəqillik tarixində belə bir əməliyyat - əhalinin mərkəzdən əyalətlərə kütləvi, məcburi köçü həyata keçirilməyib.
“Biz deportasiyadan danışmırıq. O cümlədən, COVİD-19-un tüğyan etdiyi ən böyük xarici paytaxt şəhərlərində də bənzər tədbirlərə gedilməyib. Baxmayaraq ki, iri meqapolislərdən - NyuYorkdan, Bavariyadan, Milanadək böyük şəhərlərdə yaşayan insanların əyalətlərə, kənd bölgələrinə təbii axını xeyli artıb, lakin onun rəsmi qərarla təşkil edilməsi nümunəsi mövcud deyil. Bəs gerçəkdənmi, pandemiyanın qeyri-bərabər yayıldığı Azərbaycan şəhərlərində paytaxtın yükünü bölgələrlə paylaşmaq mümkündür?” – Z.Oruc bildirib.
Deputatın fikrincə, məsələnin iqtisadi, sosial, maliyyə və təşkilati mürəkkəbliyini bir kənara qoysaq belə əsrlər boyu formalaşan vəziyyətin bir qərarla məcburi şəkildə, özü də müvəqqəti bir tədbir kimi həyata keçirilməsi qeyri-mümkün görünür:
“Onun məsuliyyətini hər hansı məmurun üzərinə götürəcəyi real deyil. Bildiyiniz kimi, 200 il əvvəl Bakının əhalisi o vaxtkı rəsmi statistikaya görə cəmisi 5009 nəfər idi. Üstündən 100 il keçəndən sonra 1917-ci ildə artıq əhali 300 minə çatmışdı. İndiki demoqrafik göstərici isə hər birinizə bəllidir - rəsmi olaraq 2.3 milyon sayılsa da, Bakıda faktiki yaşayanların sayı bundan xeyli çoxdur. Bakının ərazisi respublikamızın ümumi sahəsinin 2.5 faizini təşkil etsə də, ölkə əhalisinin 35 faizə yaxını paytaxtda məskunlaşıb. Bu tendensiya müstəqillik illərində az qala ikiqat artıb”.
O, daha sonra qeyd edib ki, bizə son 30 ildə Qərb və “demokratik” dairələrin əli ilə ittiham etdiyimiz sovet keçmişimiz ayrı bir reallığı qoyub getmişdi:
“Bolşeviklərin və kommunistlərin dövründə - 70 ildə Azərbaycanda kəndlərin sayı 3800-dən çox artmışdı, o cümlədən, rayonlar 4 dəfə artaraq böyük bir respublika - müstəqil dövlətimizin geniş, güclü inzibati, iqtisadi və sosial əsasları formalaşmışdı. Kənddə mütəxəssis kadrlar, mədəni obyektlər və sənaye potensialı yaranmışdı. Təəssüflər olsun ki, müstəqillik illərində daxili miqrasiyanın istiqaməti elə olub ki, bir çox kənd boşalıb. Halbuki “Sovet kəndi” - bu məfhum bir qədər yaşlı insanlarımızın - ata babalarımızın əli ilə xam torpaqlarda yaradılan abadlıq, quruculuq, maddi nemətlər bolluğu demək idi. Sovetlər dövründə biz ümumidaxili məhsulun 40 faizini kənd və kənd rayonlarında istehsal edirdik. İndi isə bu rəqəm 5 faizə yaxındır. Biz sovet kəndlərinin əvəzinə müstəqilliyimizin kəndlərini hələ tam arzuladığımız kimi yarada bilməmişik.
Ötən iclasda iki kəndin şəhərə çevrilməsinin qərarını verdik - çünki buna iqtisadi-sosial əsaslar vardı. Bununla yanaşı, biz nəinki yeni kəndlərin yaradılması qərarını, eləcə də olanları qorumağı bacarmalıyıq. Bizi təkcə pandemiya deyil, eləcə də əhalimizin artması vadar etməlidir ki, virusla mübarizə bitən kimi müxtəlif dövlət proqramları sayəsində əhalinin kəndə qayıdışı, yaxud orada yaşayanları qoruyub saxlamağı təmin edə bilək. Güclü dövlət olmaq üçün bizə abad, canlı, məskun, müqəddəsliyi özünə qayıtmış kənd lazımdır. Əgər belə olsaydı, indi baş infeksioinistin arzulamadığı sıxlıq təbii şəkildə ortadan qalxar, əhali ölkə üzrə proporsional paylanardı. Biz inanırıq ki, pandemiyadan sonrakı Azərbaycan dövlətinin yeni iqtisadi-sosial siyasəti məhz belə olacaq”.