ABŞ-da faciəli şəkildə dünyasını dəyişən azərbaycanlı gənc Seymur Cabbarlının sabiq icra başçısı Murad Cabbarlının oğlu olduğu aydınlaşıb.
Bizimaz.az xəbər verir ki, mərhumun ailənin yeganə övladı olduğu bildirilib.
Bu gün onun cənazəsi Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.
Qeyd edək ki, S.Cabbarlı Şimali Karolina ştatında daxili yükdaşımalarla məşğul olub. O, avtomobilində yatan zaman havalandırma sistemində nasazlıq baş verib, nəticədə işlənmiş qaz salona sızıb və gənc dünyasını dəyişib.
Azərbaycan vətəndaşı olan S.Cabbarlının “Yaşıl kart” (Green Card) vasitəsilə Şimali Karolina ştatına köçdüyü bildirilir.
Seymur Cabbarlının atası Murad Cabbarlı isə 1960-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində müəllim işləyib. Həmçinin 2002-2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC İdarə Heyətinin sədri, 2006-2008-ci illərdə ADA-Mülkiyyət MMC-nin direktoru vəzifəsində çalışıb.
2008-ci ildə Şəki Aqro İndastris MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə Şəki Kərpic MMC-nin direktoru olub. 2010-cu il aprelin 21-dən 2011-ci il mayın 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.