Xəbər lenti


Vətənə qulluq etmək, harada olmağımızdan asılı olmayaraq, hər bir vətəndaş üçün şərəfdir. Ona görə ki, Vətən - yaşadığın yox, ruhunun əsir olduğu məkandır və arada olan məsafə mövcud həsrət dərəcəsinin göstəricisidir.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri tanınmış jurnalist Vahid Mustafayev deyib. O bildirib ki, “Qanlı Yanvar” filmini şəxsi vəsaiti hesabına çəkib:

“Mənə ağır texnika, hərbi sursatı isə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təqdim edilmişdi. Bundan əlavə, filmin çəkilişində Azərbaycanı sevən yüzlərlə yerli və xarici texniki və yaradıcı peşəkar, sadə vətəndaşlarımız iştirak edir və zəhmət çəkirdi. Filmi ərsəyə gətirəndə mən heç bir kommersiya məqsədi güdməmişəm – bu, sadəcə, mənim uzaq 89-90-cı illərin barrikadalarında yaşadıqlarımdır, mənim Azərbaycanın müstəqilliyi uğrunda mübarizəmdir və mənim şəhid olan dostlarım qarşısında ömürlük borcumdur! Sözsüz ki, Vətən yaralarını hər bir vətəndaş ürəyinin ən dərin guşələrində daim hiss edir, lakin onları unutmamaq və gələcək nəsillər üçün dərslik etmək hər bir vətənpərvərin ali borcudur. Tarixlə mübarizə etmək olmaz, onun qədim daşlarını yerlərindən demontaj edərək gecənin qaranlığında saxlamaqla yalnız nəyisə gün çıxanadək görünməz etmək olar. Gün çıxanadək… Məncə, məhz bu tarix daşları ilə gecə-gündüz Azərbaycanın xoşbəxt və təhlükəsiz gələcəyini inşa etmək lazımdır”.

V.Mustafayev qeyd edib ki, “Qanlı Yanvar” filmi 2015-ci ilin 20 Yanvarında ekranlara çıxıb:

“Filmin son titrlərində mən Azərbaycan xalqından 25 il gecikdiyim üçün üzr istəmişəm və bunun səbəbi var: məhz 25 il 20 Yanvar hadisələri əzilmiş və al qərənfillər kimi yerə səpələnmiş, məğlub olmuş bir xalqın faciəsi kimi təqdim edilirdi. Amma vaxt gəldi və Qanlı Yanvarda əslində nələrin baş verdiyi tam və dürüst, parlaq günəş altında öz yerini tapdı! Dünyanın dörd qitəsində (Cənubi Amerika – Braziliya, San Paulu; Şimali Amerika – Kanada, Monreal; Avropa – Estoniya, Tallin; Asiya – Hindistan, Qao) ən yüksək - A kateqoriyalı festivallarda və sözsüz ki, Azərbaycanda nümayiş edilərək, milyonlarla insanın qəlbində mübariz bir xalqın şücaət və şərəf hekayəsi kimi qaldı və qalmaqdadır”.

V.Mustafayev vurğulayıb ki, bu gün Qanlı Yanvar artıq ağlaşma günü yox, Azərbaycan gənclərinin yenilməz və qəhrəmanlıq rəmzi, həmçinin tarixi və sənədli dərslikdir:

“Bu baxımdan bu filmi dünyada Azərbaycan tarixi və xarakteri kimi yaymaq xaricdə yaşayan vətəndaşlarımız üçün çox vacibdir – qoy azərbaycanlıları belə tanısınlar!”

V.Mustafayevin sözlərinə görə, “Qanlı Yanvar” bədii filmi bu il də dünyanın bütün ölkələrində Azərbaycan vətəndaşları və internet vasitəsilə əcnəbilərə və burada, Azərbaycandakı kinoteatrlarda yerli əhaliyə pulsuz nümayiş etdirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov