Şahdağ Turizm Mərkəzində gecə klubu və kinoteatr fəaliyyət göstərəcək.
Bizimaz.az xəbər verir ki, bu sözləri Şahdağ Turizm Mərkəzində təşkil edilən press-turda mərkəzin sədri Rodderix Mark Leffler deyib. O bildirib ki, mərkəzin fəaliyyətində iki əsas məqsəd var:
“Birinci məqsədimiz budur ki, buranı çox sıx əyləncə mərkəzinə çevirək. İkinci məqsəd isə mərkəzimizə daha çox turist cəlb etməkdir. Biz üstün xidmətlər göstərək, Şahdağ Turizm Mərkəzini inkişaf etdirməyə çalışırıq. Həmçinin, burada yerli idman komandalarının olimpiada səviyyəsində yarışlarını təşkil etməyə hazırlaşırıq. Bizim əsas məqsədimizdən biri də buranı yaxşı idman mərkəzinə çevirməkdir.
Bundan başqa, yay mövsümü üçün də planlarımız var. İstəyirik, mərkəzimiz il boyu fəaliyyət göstərsin”.
Sədr onu da qeyd edib ki, bayram ərəfəsi olduğu üçün Şahdağ Turizm Mərkəzində rezervasiyalarda artım müşahidə olunur:
“Turistlərin sayına hava şəraiti də öz təsirini göstərir. Bizim üçün hava şəraiti önəmli faktordur. Havalar soyuq olduqca qonaqların sayı da artır. Son günlərdə həm otellərin, həm də əyləncə mərkəzlərinə gələnlərin sayında ciddi artım var. Hazırda mərkəzimizə daha çox yerli turistlər gəlir. Bununla yanaşı Körfəz ölkələrindən, Rusiyadan da qonaqlarımız var. Qış yeni başlayıb və Yeni il ərəfəsi olduğu üçün düşünürəm ki, xarici qonaqlarımızın da sayı artacaq. 4 oteldən 3-ündə Yeni illə bağlı tədbirlər həyata keçirəcəyik. “Pik Palas”da qiymət digər məkanlara nisbətdə bir qədər yüksəkdir. Bunun səbəbi isə gecədə xalq artisti Aygün Kazımova və digər ulduzların çıxışının nəzərdə tutulmasıdır”.
Sədr mərkəzdə yeni inşa edilən məkan barədə məlumat verib:
“Hazırda ən yüksəkdə olan inşaat nöqtəmizdə liftlər hazırdır. 2 həftədən az vaxt lazımdır ki, orada olan restoranın da tikintisini tamamlayaq. Xizək sürməyi sevənlər üçün ora çox ideal, dəniz səviyyəsindən 2351 metr yüksəklikdə sürüşmə zolağı da salınır. Bu həftənin sonunda məntəqənin işləri tamamlanacaq və xizək sürənlərin istifadəsinə veriləcək.
Düşünürəm ki, Azərbaycan belə təbii şəraiti ilə turizm xəritəsində yeni təyinat nöqtəsi olacaq. Mərkəzimizdə turistlər üçün gündəlik, həftəlik və aylıq paketlərimiz var”.