Xalq artisti Amaliya Pənahovanın vəfat etməsi sənət dostlarını dərindən kədərləndirib.
Kult.az məşhurların sosial şəbəkələrdə Amaliya Pənahovanın vəfatı ilə bağlı paylaşımlarını təqdim edir:
Əməkdar artisti Elnur Kərimov: “Azərbaycan Teatr və Kino tarixində ilklərə imza atmağı bacaran, İlyas Əfəndiyev əsərlərinin əvəzsiz qəhrəmanı,yaratdığı Bakı Bələdiyyə Teatrında aktyorlara göstərdiyi diqqət və nəvaziş, yaş məhdudiyyətinə görə teatrdan uzaqlaşdırılan bir çox sənətkara öz teatrında qucaq açan, onlara tamaşaçı sevgisini yaşadan, unudulmaz və hər zaman seçilən səs tembrı ilə tarixə qovuşan Amaliya Pənahova, Allah sizə rəhmət eləsin!”
Xalq artisti Naibə Allahverdiyeva: “Səhər tezdən Amaliya Pənahovanın dünyasını dəyişməsi xəbəri yayıldı. Amaliya xanım görkəmli sənətkar olmaqla yanaşı, gözəl qələbə malik insan idi. Ruhun şad olsun, Amaliya xanım!”
Aktrisa Məlahət Abbasova: “Kaş ki, biri çıxıb bu xəbərin yalan olduğunu söyləyəydi. Şokdayam. İnanılmaz dərəcədə üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq çox dəyərli teatr adamı, Azərbaycan teatrının əfsanəsi, Milli Dram Teatrında çalışdığım dönəmlərdə ”Bizim qəribə taleyimiz”, “Tənha iydə ağacı” tamaşalarında bərabər oynadığım, dahi yazarımız İlyas Əfəndiyev demişkən, Azərbaycan səhnəsinin primaddonnası Amaliya xanım Pənahova rəhmətə gedib. Məkanınız cənnət olsun, Amaliya xanım, nur içində yatın. Haqqımı halal edirəm. Əfsanələr ölməz. Siz həmişə qəlbimizdə yaşayacaqsınız. Azərbaycan xalqının başı sağ olsun”.
Teleaparıcı Hacı Nuran: ”Xərçəng bu gözəl insanı da apardı. Çox pis oldum. Əlvida, artıq xatirələrdə yaşayacaq gözəl sənətkar. Söz tapa bilmirəm. Allah rəhmət eləsin!”
Sənubər İsgəndərli: ”Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazdıran sənətkar, Allah sizə rəhmət eləsin”.
Millət vəkili Aydın Mirzəzadə: ”Xalq artistimiz Amaliya Pənahovanın dünyasını dəyişməsinə çox üzüldüm. Onu şəxsən tanıyırdım. Böyük sənətkar, gözəl insan idi. Allah rəhmət eləsin”.
Qeyd edək ki, 73 yaşlı xalq artisti Amaliya Pənahova bu gün dünyasını dəyişib. Onun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.