Xəbər lenti


Bu gün Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı başlayır. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

 

Bizimaz.az:  Trend-ə istinadən xəbər verir ki, 27-30 sentyabr tarixlərində keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə təşkil olunub.

***

Festival bu gün şairin doğulduğu Şamaxı şəhərindən start götürür. Burada İmadəddin Nəsiminin qardaşı Şaxəndan, eləcə də görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığı, Qafqazın ən qədim məscidlərindən biri, 743-cü ildə inşa edilmiş Cümə Məscidi ziyarət olunacaq. Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi keçiriləcək, tədbirdə Xalq artisti Alim Qasımovun musiqi ifası təqdim olunacaq.

Eləcə də bu gün Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq. Dünya muzey standartları əsasında hazırlanan bu informativ ekspozisiya tarixi ardıcıllıqla, o cümlədən elektron vasitələrdən istifadə edilməklə, iki dildə - Azərbaycan və ingilis dillərində təqdim olunur. Hazırda muzeyin yeddi mindən çox eksponatı var və ekspozisiyada Şamaxının ən qədim dövrlərdən başlayaraq son zamana qədər olan tarixi, arxeoloji tapıntı nümunələri və maddi-mədəniyyət abidələri, eləcə də etnoqrafik, epiqrafik və numizmatika nümunələri nümayiş edilir. Heydər Əliyev Fondunun Şamaxını təsvir edən XVII əsrə aid üç ədəd qravürü hədiyyə etməsi muzey üçün əlamətdar hadisədir. Onlar Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravürlər məşhur alman səyyah və coğrafiyaçı Adam Oleariyə (1603-1671), niderlandlı səyyah Yan Jansen Streysə (1630-1694) və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.

Daha sonra Şamaxının Meysəri kəndində Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqənin finalçılarının iştirakı ilə tədbir keçiriləcək. Qeyd edək ki, müsabiqə gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilir. Ədəbi yarışa 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim edəcəklər. Münsiflər heyətinin qərarı ilə onlardan 17 nəfər final mərhələsinə qalıb.

Meysəri kəndində, həmçinin "Həssas Dəb" adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı olacaq. "Baku" jurnalının son bir neçə ildə "Eko. Dəb marşrutu" ("ЭКО. Модный маршрут") başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edir. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentlərlə bəzədilmiş libaslar nümayiş etdiriləcək. Tədbirdə Azərbaycanın "Le Gardiens du Silence" ("Sükut keşikçiləri") qrupu kamil mənəviyyata və özünüdərkə səsləyən musiqilər təqdim edəcək. Müxtəlif mədəniyyətlərin kəsişdiyi ruhi-meditativ musiqi milli və xarici musiqi alətlərində ifa olunacaq.

Festivalın ilk günü Bakıda akustik və elektron musiqi axşamı ilə başa çatacaq. Proqram media rəssamlar Orxan Məmmədov (Azərbaycan) və Maotikin (Fransa) hazırladığı vizual effektlərin müşayiəti ilə təqdim olunacaq. Proqramda Elemaun (İran), Görkem Şen (Türkiyə), Hanoi Duo-Nguen Le (Vyetnam/Fransa), Ngo Hong Quang (Vyetnam), İrşad Hüseyn (Azərbaycan), Rabih Beaini (Livan/Almaniya), Əbdül Kərim (Livan), Sahib Paşazadə (Azərbaycan), Sati Kazanova (Rusiya) və "Ar Bard" dueti (Fransa) çıxış edəcək. Konsertdə mənəvi rahatlıq və kamilliyə səsləyən musiqilər ifa olunacaq.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov