Ağdam Qarabağın əvəzedilməz guşələrindən biridir. İncəsənətimizə böyük sənətkarlar bəxş edən Ağdam artıq öz azadlığına qovuşub.
Bizimaz.az bildirir ki, Bütün azərbaycanlıları sevinc göz yaşlarına boğan qələbəmiz münasibəti ilə BAKU.WS Ağdamda dünyaya göz açan böyük sənətkarları danışdırdıb. Uşaqlığını, məktəb illərini Ağdamda keçirən sənətkarlar bütün Azərbaycan xalqını qələbəmiz münasibəti ilə təbrik etdilər:
Arif Babayev: “Mənim səhhətim yaxşı deyil. Ona görə də sevincimi tam ifadə etməkdə çətinlik çəkirəm. Amma bu günləri gördüyüm üçün çox xoşbəxtəm. Bütün azərbaycanlıları, qarabağlıları təbrik edirəm. Bu böyük bir tarixi qələbə oldu. Prezidentimizə, ordumuza təşəkkür edirəm. Mənim Ağdamda ikimərtəbəli evim var. Arzu edirəm, Allah ömür versin, ora minalardan təmizləndikdən sonra mən də evimə gedim. Bir daha təbrik edirəm, Azərbaycan xalqının göz aydın olsun!”
Aygün Bayramova: “Bütün xalqımızın gözü aydın olsun. Hər kəsi təbrik edirəm bu gözəl qələbə münasibəti ilə... Mənim uşaqlığım, məktəb illərim Ağdamda keçib. Erməni vəhşiliyi Ağdamı nə vəziyyətə qoymalarından açıq-aşkar görünür. Mən bilmirəm, onlara necə ad verək?! Bütün dünyaya erməni tayfasının vəhşiliyi, barbarlığı sübut olundu. Mənim qohumlarımın, nənəmin məzarı Ağdamdadır. Amma bilmirik, indi onların məzarını tapa biləcəyikmi?! Bu, vəhşilikdir, buna başqa ad vermək mümkün deyil. Hər kəs deyir, Ağdamı ermənilər viran qoyub, talan ediblər. Mən əminəm ki, biz orada yenidənqurma, abadlıq işləri görəcəyik. Şəhidlərimizin ruhu şad olsun. Onların sayəsində biz bu qələbə günlərini yaşayırıq. Arzumdur, gedim öz torpağımda bir rahat nəfəs alım. Bütün azərbaycanlıları, qarabağlıları təbrik edirəm”.
Mənsum İbrahimov: “Bu gün o qədər qürurlu, o qədər xoşbəxtik ki, sözlə ifadə etmək mümkün deyil. 44 gün ərzində ordumuz bütün dünyaya öz gücünü göstərdi. Mənim Ağdamla bağlı xatirələrim çoxdur. Mən orada dil açmışam, mən orada böyümüşəm. Ailəmdən 2 şəhid verdik. Biz elə şəhidlərin qanı bahasına bu gün sevinc hissləri keçiririk. Ali Baş Komandanımıza, ordumuza dərin təşəkkürümü bildirirəm. Belə gözəl günü heç bir sözlə ifadə etmək olmur. Şəhidlərimizə görə bir gözümüz ağlasa da, qalibiyyətimizə görə bir gözümüz gülür. Birinci Qarabağ müharibəsində boynumuz bükük qalmışdı. Çox şükür ki, bu günləri görmək qismət oldu”.
Nəzakət Teymurova: “Allaha çox şükürlər olsun. Bizi gözəl Ağdamımıza qovuşdurduğu üçün min şükür! Başda Cənab Ali Baş Komandanımız İlham Əliyevə və rəşadətli ordumuza, şəhidlərimizə sonsuz minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının, ağdamlıların gözü aydın olsun!”