Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq bu gün Ağdam rayonu Azərbaycana qaytarılır.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Ağdamı tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub.

Qeyd edək ki, Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Sosial şəbəkədə Ağdamda yerləşən məscidlərdən birinin fotosu yayılıb. Fotoda məscidin girişində ərəb hərfləri ilə müqəddəs kəlamlar qeyd olunub.

Ağdam məscidinin girişindəki tabloda yazılanların tərcüməsi belədir:

  • 1-ci sətir: La ilahə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah. ("Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur, Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın elçisidir, Şəhadət verirəm ki, Əli (ə) Allahın vəlisi və möminlərin əmiridir").
  • 2-ci sətir: Bismillahir-Rəhmanir-Rəhim. (Rəhmli və mehriban Allahın adı ilə).
  • 3-cü sətir: Qələbə ayəsi (Fəth surəsinin birinci ayəsi) Həqiqətən, Biz sənə zəfər – (kafirlərə qarşı dəlil-sübutlarla və çoxlu qələbələrlə mübarizədə) aşkar bir zəfər bəxş etdik.
  • 4-cü sətir: Nəcm surəsinin 39-cu ayəsi: İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.
  • 5-ci sətir: Ya Əliyyibni Musər-Rza ədrikni. İmam Rzaya (ə) təvəssül edilir.
  • 6-cı sətir: Hicr surəsinin 92 və 93-cü ayələri: Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı) sorğu-suala çəkəcəyik - (Dünyada) etdikləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik!)