Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 28 il ötür.
Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək 1992-ci il, mayın 18-də Laçını işğal edib. Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub. İşğal nəticəsində 1 şəhər və qəsəbə, 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid, 103 nəfər əlil olub, 65 nəfər girov götürülüb. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkündür. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
1992-ci ilin mayında Laçında gedən döyüşlərdə işrirak edən Rauf Qənbərov rayonun necə işğal olunması haqda jurnalına danışır: Məlumat üçün qeyd edək ki, R.Qənbərov 1970-ci ildə Laçın rayonunun Zabux kəndində anadan olub. 1988-1990-cı illər ərzində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurandan sonra Laçın rayonunda polis kimi fəaliyyət göstərib. Hal-hazırda Laçın rayon Müseyib Müseyibov adına Bozlu tam orta məktəbində Cagırışaqədərki hərbi hazırlıq dərs müəllimidi.
– Rauf bəy, Laçın necə oldu ki, işğal olundu?
Polis kimi çalışmağımın əsas məqsədi vətəni qorumaq idi. O zamanlar cavanları döyüş bölgəsində buraxmırdılar. Nə də əlimizə silah verirdilər ki, düşmənlə üzbəüz gələndə özümüzü qoruya bilək. Ona görə də o dövrün cavanları vətəni qorumaq üçün polis forması geyib torpağın keşiyində dayanırdılar. 1990-1992-ci illər ərzində Laçın polisinin göstərdiyi şücaət hər kəsə bəlli idi. O illərdə Laçın polisinə indiki rayon icra başçısı Akif Səlimov rəhbərlik edirdi. Laçının işğalına qədər kifayət qədər uğurlara imza atan Laçın polisi sərhəd boyu postlarda yerləşdirilib xidmət göstərir, Şuşa və Qubadlıya köməyə gedirdilər.
– Efirdə laçınlıları qorxaqlıqda ittiham edirlər. İddia olunur ki, laçınlılar torpağı qoyub qaçıblar. Siz bu fikirlə razısınızmı?
Neçə illərdir efirlərdə “qorxaqsız, arvadsız, qaçırsız” sözlərini səsləndirən jurnalist Çingiz Mustafayın kadrı yayımlanır. O sözlərin heç biri laçınlıya aid deyil. Çünki həmin çəkilişlər zamanı operatorun ətrafında ancaq və ancaq Laçın oğulları və Laçın polisinin döyüşən oğlanları olub. Onların heç birisi Laçını satıb qaçmayıblar. Laçınlılar sona qədər harada olmalıdırlarsa orada da olublar. Laçınlılar nə qorxaqdı, nə də satqın. Laçın oğulları var gücü ilə vətənin keşiyində dayandılar.
– Bəs Laçın işğal olunandan sonra adıçəkilən rayonun polisləri vətənin işğaldan azad olunması istiqamətində hansı işləri görüblər?
1992- ci ilin avqustunda Laçın polisi Akif Səlimovun rəhbərliyi və təkidi ilə Kəlbəcər tərəfdən rayonun işğal olunmamış bəzi kəndlərində və məhlələrdə qərargah yaradıldı. Polislərimiz milli ordunu Laçın istiqamətində arxasınca aparırdı. Sentyabr-noyabr aylarında demək olar ki, Laçın işğaldan azad olunmasının yarım addımlığında idi. Mollalar, Merkiz yüksəkliyi, Sus, Qızılca kəndlərinin azad olunması, dəhlizin bağlanması rayonun azad olunmasına şərait yaratdı. Laçın polisi olaraq öndə gedirdik. Kəşfiyyat xarekterli hücumlarla lazımi nöqtələri azad edib irəlilədik. Merkiz yüksəkliyi-telestudiya kimi tanınan yeri azad edib aşağı Sus və Qızılca kəndinə istiqamətləndik. Bir gecənin içində ordunu arxamızdan çəkib yenidən bizi satdılar. Milli qəhrəman Oqtay Güləliyevin səyi nəticəsində mühasirədən salamat çıxdıq. Hocaz yüksəkliyi və ətraf kəndlər Oqtay Güləliyevin planı sayəsində ermənilərdən azad olundu. Merkiz yüksəkliyində olanda Görüş rayonu ərazisindən Laçın istiqamətinə 7 tankla hərəkətə başladıq. Hadisə kəndin ərazisində Zabuxda baş verirdi (tarixdən də hamıya məlum olan məhşur Zabux kəndi, Zabux dərəsi). Ordunun zabitinə xəritədə tankların hansı yolda olduğunu göstərdim. Həmin zabitə radioəlaqə vasitəsilə topçuları necə tapması barədə koordinat verdim. Yaxşı yadımdadır radioəlaqədən cavab gəldi ki, o koordinatlar vurula bilməz. Guya o koordinatlar Ermənistan ərazisi imiş. Bu belə deyildi. Həmin koordinatlar Laçının Zabux kəndinin ərazisi idi. Daha sonra ordu bir gecədə Laçın polisinin arxasından çəkildi. Biz demək olar ki, əli yalın 7 tankla mübarizəyə girdik. Mühasirədən çıxıb geri çəkiləsi olduq. Əlbətdə ki, itkilərimiz də oldu.
– Polislər arasında da şəhid olanlar var idi. Bu cür xəbərlərin yayılması ailənizdə necə qarşılanırdı?
O vaxtlar atam və anam üç gün cəsədimi gözləyirmiş. Çünki onlara deyilmişdi ki, polislərdən ölənlər var. Ölən polis isə rəhmətlik Ədalət Məmmədov idi. Biz geri çəkilib Hocazda mövqelərimizi möhkəmləndirsək də artıq gücümüz yetərli deyildi. Yoldaşlarımdan Oqtay, Ədalət və digərləri dünyasını dəyişmişdi.
28 il keçsə də inanırıq ki, digər tarixi yurd yerlərimiz kimi, doğma Laçınımız da düşmən tapdağından azad ediləcək, laçınlı soydaşlarımız öz ata-baba torpaqlarına qayıdacaqlar...