“Ölkədə ərzaq məhsullarının qiymətinin artması ilə bağlı yayılan məlumatlar şayiədir. Hər gün bazara, marketə gedənlər heç bir artımın olmadığını müşahidə edə bilər”.
Bizimaz.az: Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov son vaxtlar ölkədə bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə edilməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
Millət vəkili bildirib ki, bu məlumatları yaymaqda məqsəd sonuncu əmək haqqı və pensiyalardakı artımı gözdən salmaqdır.
“Əməkhaqqı, pensiyalar, tələbə təqaüdlərində artım oldu, minimum əmək haqqı 130 manatdan 180 manata qaldırıldı. İnsanların bu sevinci yaşadığı dövrdə müəyyən mərkəzlər dövlətin həyata keçirdiyi sosial siyasəti gözdən salmaq, cəmiyyətdə narahat fon yaratmaq istəyir. Sosial şəbəkədə bu cür yalan məlumatlar yayan,məsuliyyətsiz insanların təbliğatına uymamalıyıq. Bu şayiələrə inanmaqdansa, birbaşa satış məntəqələrinə gedib vəziyyəti müşahidə edə bilərlər.
Bu gün ən çox istehlak edilən məhsul çörəkdir və onun qiymətində heç bir artım baş verməyib. Dünya bazarında taxılın qiyməti artdığı halda, Azərbaycanda çörəyin, un məmulatlarının qiyməti sabit qalmaqdadır. Hər bir vətəndaş dövlətin qayğısını həyatında hiss edir”.