Türkiyənin Qaziantep vilayətindəki neft borusunda baş verən partlayışın Bakı-Tiflis-Ceyhan neft kəməri ilə heç bir əlaqəsi yoxdur.
Bizimaz.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, sözügedən qəza SOCAR-ın iş prinsipinə hər hansı formada təsir etməyib:
“Neft boru kəməri dayanıqlı olması məqsədilə poladdan hazırlanır və onillər ərzində istifadə edilir. Belə borular adətən xüsusi formada izolyasiya edilir. Amma görünür ki, dünənki ildırım çox güclü olduğuna görə neft borusunda partlayışa səbəb olub”.
Qeyd edək ki, ötən gün Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda neft borusunu ildırım vurub. Hadisə nəticəsində boru dağılıb və xam neft yaşayış sahələrinə doğru axıb.
İldırım düşən neft kəmərinin BOTAŞ-a aid olduğu bildirilib.
Onu da qeyd edək ki, Bakı-Ceyhan neft boru kəmərinin Türkiyədən keçən hissəsinin operatoru da BOTAŞ şirkətidir.