Süveyş kanalının bağlı qalması hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməliyyatlarına, demək olar ki, təsir göstərmir.
Bizimaz.az-in məlumatına görə, bunu “report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O qeyd edib ki, Azərbaycan neftinin satışı baxımından şirkətin əsas hədəf bazarı Avropa və Aralıq dənizinin hövzəsində olan ölkələrdir: “Şərq istiqamətində də zaman-zaman Azərbaycan nefti göndərilir, lakin bu günlərdə həmin istiqamətdə hələlik tankerimiz nəzərdə tutulmamışdı”.
SOCAR rəsmisi bildirib ki, Fars körfəzindən Aralıq dənizinə Süveyş üzərindən neftin daşınması azalsa da, həmin neftin xassələri bizim neftdən fərqlənir:
“Odur ki, hazırkı vəziyyətdən irəli gələn qıtlıq Azərbaycan neftinə olan tələbata da birbaşa təsir göstərməz. Hazırda pandemiya ilə əlaqədar neftə olan tələbat ümumilikdə nisbətən aşağı olaraq qalır. Belə görünür ki, Avropadakı neft emalı zavodları da hələ ki, mövcud həcmlərə qane olur.
Beləliklə, yaranmış vəziyyət fraxt qiymətlərinin artması istisna olmaqla, neft bazarına hələ bir o qədər təsir göstərməyib. Vəziyyət yaxın günlərdə aradan qaldırılarsa, ortamüddətli perspektivdə də, yəqin ki, hər hansı problem yaranmaz”.
Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batmışdı.
Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 km, eni 250 metr, dərinliyi isə 20 metrdir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.