“Ola bilsin qrupdan çıxa bilmədik və ya əksinə, finala da çıxa bilərik. Bizim qrup maraqlıdır. Əsas odur ki, ilk matçımız yaxşı nəticələnsin. İtaliya qrup sonuncusu da ola bilər”.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şənol Günəş “Haber Global” telekanalındakı verilişlərdən birində deyib.
O, yayda dörd oyunu Bakıda keçiriləcək AVRO-2020-nin A qrupundakı rəqiblərini analiz edib:
“İtaliya hazırda FIFA reytinqində yeddinci sıradadır. İsveçrə və Uels də bizdən öndədir. Rəqiblərimiz güclüdür. İtaliya topa sahib olmağı yaxşı bacaran komandadır. Onlarla matç çox çətin olacaq. Üstün səviyyəli komandalarla nə edə biləcəyimiz ortaya çıxacaq. İsveçrə də yaxşıdır. Uels həm hücuma yaxşı çıxır, həm də müdafiəsi güclüdür.
Azərbaycanda iki matç keçirməyimiz bizim üçün üstünlükdür. Qrupdan çıxmaq istəyirik. Bu turnir bizim üçün daha əvvəl oynadığımız yarışlardan daha üstün olacaq. Düşündüyümüz kimi oynayacağıq. Daha sürətli, daha çox komanda şəklində. Əsl hədəfim dünya çempionatına qatılmaqdır”.
Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək.