11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Dövlət başçısının 12 ay ərzində hərbi sahədə gördüyü işlər, verdiyi tapşırıqlar və qurumların yaradılması ilə bağlı imzaladığı sərəncamlar, eləcə də, bu müddət ərzində alınan silahlar ordunun daha da gücləndirilməsinə hesablanıb.
Ötən il aprelin 30-da prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
O, yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlara, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirib.
Bundan başqa, dövlət başçısı martda Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsindəki sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
İyun ayında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda möhtəşəm parad keçirilib. Ali Baş Komandan İlham Əliyev paradda iştirak edib.
Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də, Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Paradda bu il ərzində Azərbaycan ordusunun silahlanmasına daxil edilən bir sıra müasir silahlar nümayiş etdirilib.
Bunlar arasında Belarus istehsalı “B-200BM Polonez” reaktiv yaylım atəşi sistemi, İsrail istehsalı “Lora” operativ-taktiki raket kompleksi və ABŞ istehsalı “Bell-412” helikopterləri də var.
Ümumilikdə, ötən il ərzində Azərbaycan 10 ədəd 301 mm-lik “B-200BM Polonez” reaktiv yaylım atəşi sistemi, dörd ədəd “Lora” operativ-taktiki raket kompleksi və 50 ədəd “Lora” raketi, eləcə də, iki ədəd ikinci əl “Bell-412” helikopteri alıb.
İlham Əliyev paradda çıxış edərək deyib ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq:
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir”.
Dövlət başçısı iyun ayı ərzində Müdafiə Nazirliyinin iki hərbi hissəsində olub. İyunun 5-də prezident “N” saylı hərbi hissə üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub, iyunun 11-də isə Müdafiə Nazirliyinin yeni hərbi hissəsinin açılışını edib.
Sentyabrda isə Bakıda növbəti parad keçirilib. Parad Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsi münasibətilə təşkil edilib.
Bu paradı izləmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.
Paradda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.
Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdiriblər.
Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxış edib. O bildirib ki, Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun Bakını birgə azad etməsi tarixi hadisə idi.
Prezident bu gün Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu deyib.
Bundan başqa, dövlət başçısı Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olduğunu diqqətə çatdırıb.
Dekabrda İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib.
O deyib ki, 2019-cu ildə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək:
“Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən avtomobillərlə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilib”.
Prezidentin yanvarda imzaladığı sərəncamla müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha da təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində hərbçilər qarşısında çıxışı zamanı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik yoxdur.
Ölkə başçısı müharibənin hələ bitmədiyini deyib, əlavə edib ki, son illərdə hərbi hissə əsaslı şəkildə yenidən qurulub, təlim prosesi üçün bütün lazımi şərait yaradılıb:
“Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”.