Xəbər lenti

Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət etdilər.

 

Bizimaz.az :Bu barədə Nazirlikdən məlumat verilib.

Nazirliyin “İqlim” Elmi İstehsalat müəssisəsini və Elektron Hesablayıcı Maşınlar (EHM) zavodunu ziyarət edən nümayəndələr hər iki müəssisə ilə yaxından tanış olub və istehsal prosesini izləyiblər.

Əvvəlcə nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunu ziyarət edən hərbi attaşelərə müəssisənin fəalliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Nümayəndələr EHM zavodunda təşkil olunan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiyə baxıblar, nümayiş etdirilən hər bir məmulatı böyük maraqla qarşılayıblar. Hərbi attaşelər zavodda hazırda ixrac məhsulu kimi istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini də izləyiblər.

Sonra hərbi attaşelər istesal gücü yüksək olan, daha çox çeşiddə hərbi təyinatlı məhsul istehsal edən “İqlim” Elmi İstehsalat müəssisəsində olublar. Müəssisə ilə yaxından tanış olan nümayəndələrə istehsalı reallaşmış və artıq seriyalı istehsalı həyata keçirilən atıcı silahlarla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilir və ixracı həyata keçirilir.

Tanışlıq məqsədi ilə təşkil olunan tədbirdə 21 ölkəni təmsil edən 32 nümayəndə iştirak edib.

Sonda hərbi attaşelər müəssisələrdə yaradılmış şəraitə görə məmnunluqlarını ifadə ediblər, tədbirin təşkilinə görə nazirliyin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Artıq ənənə xarakteri almış bu ziyarət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, bu qəbildən olan tədbirlər hərbi-texniki sahədə əməkdaşlığın inkişafında və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracının artırılmasında xüsusi rol oynayır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov