Azərbaycan Tibb Universitetindən Bakıda baş verən qəza barədə açıqlama verilib.
Bizimaz.az xəbər verir ki, Bakının Xətai rayonu, Nobel prospektində qeydə alınan qəzada ölən həkimlər COVİD-19-la mübarizədə könüllü olaraq işləyirdilər.
“Təəssüf ki, bu səhər çox kədərli bir xəbəri paylaşmalı oluruq. Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.
Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.
Qeyd edək ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub.
Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir.
Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik!”, - deyə məlumatda bildirilib.
BAKU.WS