Xəbər lenti

 
 

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, İdarəyə Elşad adlı şəxsin “Sahil” bağında üzərində odlu silahla hərəkət etməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Sabunçu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşad Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid yeddi ədəd patron aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Elşad Əliyevin Nərimanov rayonunda yaşadığı evdən əlavə bir ədəd əl qumbarası, onun alışqanı və bir ədəd partlayıcı maddə aşkar olunaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, silah-sursat Elşad Əliyevə 2007-ci ildə dünyasını dəyişən atasından qalıb və o, bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək, qanunsuz olaraq özündə saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşad Əliyev barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov