Xəbər lenti

Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də "zəhərlənmə" diaqnozu ilə xəstəxanaya daxil olaraq ölmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə zəhərlənərək xəsarət almaları faktları ilə bağlı Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

 

Bizimaz.az: Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, aparılan istintaqla zəhərlənərək ölmüş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nəsimi rayonu, Tiflis prospektində yerləşən «Baku City» restoranında, ölmüş Mustafa Mustafayevin isə paytaxtın Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 251 ünvanında yerləşən «Everest» restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş "Chivas Regal 12» markalı spirtli içkilərini «Baku City» restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə «Everest» restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı X.Cəfərovun spirtli içkiləri hazırladığı və icarəyə götürdüyü paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icarəyə götürdüyü iki mərtəbəli evə baxış keçirilən zaman, orada 2 ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.

Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunu, həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyən edilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı şəhər prokurorluğunun 498-10-54 nömrəli telefon və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, zəhərlənib ölən S.Bayramov Nərimanov rayonu 18-ci Polis Bölməsinin Cinayət axtarış şöbəsinin rəisi olub.

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov