Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində rəsmi dövlət qəzeti “Azərbaycan”ın nəşr etdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib.
Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur.
İdeya müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitabın redaktoru Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. “Xocalı şahidləri danışır” kitabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı məqaləsi ilə başlayır.
Məqalədə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı keçirdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur. Haqlı olaraq qeyd edilir ki, Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Serebrenitsa kimi cinayətlər qədər dəhşətli soyqırımıdır.
Məqalədə professor Əli Həsənov yazır ki, hazırda Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin başlatdığı hücumçu diplomatiyanın, Heydər Əliyev Fondunun fəaliyyətinin və “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.
Xocalı soyqırımı ilə bağlı indiyədək çox kitablar, əsərlər yazılıb. Amma “Xocalı şahidləri danışır” kitabının özəlliyi ondadır ki, faktlar ancaq şahidlərin acı xatirələridən ibarətdir. 47 sakinin həmin gün yazılmış acı taleyi ilə tanış olduqca bir daha görürük ki, ermənilər xalqımıza qarşı soyqırımı cinayətlərini amansız qəddarlıqla törədiblər. Və bu həyat hekayətlərini oxuduqca beynəlxalq ictimaiyyətin ermənilərin həyata keçirdikləri soyqırımı cinayətlərinə hələ də laqeyd yanaşmasına qəzəb hissini cilovlaya bilmirsən.
“Üç övladım gözümün qarşısında dondu, soldu”, “Ərimi, oğlumu, iki qardaşımı itirdim”, “İki övladım yoldaşımla donub öldü, bir qızımın isə qorxudan ürəyi partladı”, “İşgəncəyə dözməkdənsə ölməyi arzulayırdım”, “Həmin gecə iki qardaşımı, atamı və anamı itirdim”, “Girov qalanları görəndə ölənlərə şükür etdik”, “12 yaşlı uşağın başını erməni qəbrinin üstündə kəsdilər”, “Üç övladımı, yoldaşımı, anamı, bacımı və qardaşımı hələ də axtarıram”, “Qaladərəsidən Gülablıya gedən yolun hər addım başında xocalılıların meyiti var idi”, “Məzarsız əzizlərimin hansına daha çox ağı deyim, hansına daha çox yas saxlayım”, “Biz beş bacı atasız və qardaşsız qaldıq”, “48 gün əsirlikdə çəkilən dəhşətli işgəncə”, “Oğlumla qızımın yolunu hələ də gözləyirəm”, “Allah məni 6 aylıq körpəmə bağışladı”...
Hər biri özündə bütöv xalqımızın üzləşdiyi faciəni daşıyan bu xatirələr xocalıların naləsidir, ərşə çəkilən yuxularıdır, bitməyən iztirablarıdır.
İllər ötəcək və erməni işğalçılarının Xocalıda törətdikləri cinayətlər və vəhşiliklər haqqında yazılanlar tarixin ən dəqiq və səhih səhifələri kimi öyrəniləcək. Qanlı soyqırımını öz yaddaşında yaşadanların danışması, onların dedikləri əsasında tarixi faktların dünyaya çatdırılması isə xüsusilə vacibdir.
Bu baxımdan, şəhərin 47 sakininin yaşadığı dəhşətləri, faciəvi əsirlik həyatlarını, məruz qaldıqları mənəvi və maddi itkiləri ətraflı əks etdirən məqalələr tarixi sənəd səciyyəsi daşımaqla bərabər, ermənilərin törətdiyi soyqırımı cinayətlərini müfəssəl və real faktlarla təsdiq edir.
Bütövlükdə, “Xocalı şahidləri danışır” kitabı Xocalı soyqırımının araşdırılması və nəticələrinin dünyaya tanıdılması prosesində dəyərli əyani vəsaitdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Milli Məclisin Sədr müavini Bahar Muradova, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Dövlət İdarəçilik Akademiyasının professoru, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının Sədri Elçin Əhmədov, Xocalı sakini Dürdanə Quliyeva çıxış etdilər.
Tədbirə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yekun vurdu.