Xəbər lenti



Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı toplantı keçirilib.

 

AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov respublikamızda elm sahəsində aparılan islahatlardan danışıb, Prezident İlham Əliyevtərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Natiq vurğulayıb ki, ölkə başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı Prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Ölkə başçısının cari ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinə dair müvafiq Sərəncamını xatırladan alim bununla cənab Prezidentin Şərqin ilk demokratik respublikası olan Azərbaycanın tarixi köklərinə sahib çıxdığını vurğulayıb. K.Bünyadzadə qeyd edib ki, respublikamızın dünya ölkələri arasında layiqli yeri tutması cənab İlham Əliyevin xalqımız və dövlətimiz adına reallaşdırılan məqsədyönlü siyasətin, düşünülmüş inkişaf proqramının məntiqli nəticəsidir. AMEA-nın müxbir üzvü hər kəsi qarşıdakı prezident seçkilərində ölkəmizə böyük uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməyə çağırıb: “İlham Əliyevə səs vermək Azərbaycanın yalnız bugününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa səs verməkdir. İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.

Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb. F.Salmanov qeyd edib ki, ölkə başçısının imzaladığı fərman və sərəncamların, həyata keçirilən proqramların gənc alim və mütəxəssislərin inkişafında, xüsusən, onların timsalında Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olub. Şura sədri vurğulayıb ki, gənclər üçün Prezident Mükafatının təsis edilməsi, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərə "İlin gənc alimi" mükafatının verilməsi elmlə məşğul olan gəncləri yeni-yeni nailiyyətlərə təşfiq edir. Gənc alim və mütxəssislərin dövlət başçısına daim güvəndiyini söyləyən F.Salmanov AMEA-da çalışan, eləcə də hər bir Azərbaycan gəncini cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev çıxış edərək akademik elmin inkişaf etdirilməsində ölkə başçısı İlham Əliyevin misilsiz xidmətlərindən danışıb: “Cənab Prezident İlham Əliyevin AMEA-nın 60 və 70 illik yubileyləri münasibətilə imzaladığı sərəncamlar, 70 illik yubiley tədbirində dərin məzmunlu və proqram xarakterli çıxışı akademik elmin tarixində yeni era açmışdır. Hörmətli Prezidentimizin perspektiv vəzifələr sırasında humanitar və ictimai elmlərə məxsusi diqqəti sahə alimlərini dərindən düşündürmüşdür”. T.Mustafayev vurğulayıb ki, bədii ədəbiyyata və yazarlara, ədəbiyyatşünaslıq elminə dövlət qayğısı ölkəmizdə sözün qüdrətini daha da artırıb. Bildirib ki, cənab Prezidentin rəhbərliyi dövründə Azərbaycan Yazıçılar Birliyinin, “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan” jurnalının, eləcə də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yubileylərinin dövlət səviyyəsində qeyd olunması respublikamızda digər sahələrlə yanaşı, ədəbiyyata da göstərilən diqqətin bariz təzahürüdür. T.Mustafayev qeyd edib ki, qarşıdakı Prezident seçkilərində Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının gələcək inkişafı naminə cənab İlham Əliyevi dəstəkləyəcək.

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə formalaşan bilik əsaslı cəmiyyət və iqtisadiyyat cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə uğurla inkişaf etdirilib. Natiq vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə informasiya texnologiyaları müasir və çoxtəyinatlı infrastrukturun, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsinə çevrilib. Ə.Əliyev ölkədə yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədi ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və AMEA Yüksək Texnologiyalar Parkının yaradıldığını diqqətə çatdırıb. Məruzəçi qeyd edib ki, AMEA-da informasiya texnologiyalarından istifadə inkişafın əsas perspektivlərindən biri kimi qəbul edilib, "Elektron elm" proqramının həyata keçirilməsi təmin olunub. Ölkə başçısının Sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının elmi mühitin simasını dəyişdirdiyini, bütün bunların Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir cəmiyyət quruculuğu istiqamətində qazanılmış mühüm nailiyyətlər olduğunu əlavə edib. O, İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından İlham Əliyevin siyasətini dəstəklədiklərini, fəaliyyətini yüksək qiymətləndirdiklərini, növbəti seçkilərdə yekdilliklə ona səs verəcəklərini bildirib.

Tədbirdə M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Ekoloji kataliz laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor Arif Əfəndiyev, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, AMEA Yüksək Texnologiyalar Parkının İnsan resursları və ümumi şöbəsinin müdiri Oqtay Eldarov və Botanika İnstitutunun İbtidai bitkilərin sistematikası şöbəsinin müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva da çıxış edərək ölkə başçısının xalqımıza və dövlətimizə verdiyi töhfələrdən danışıblar, qarşıdakı Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva Azərbaycan Respublikasına Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası kollektivinin bəyanatını səsləndirib. Bəyanatda qeyd olunur ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır. Bildirilir ki, Azərbaycan Respublikasının elm adamlarının 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklər.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov