Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şərh edib.
Novruz Məmmədov 2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumla yeni bir tarixi mərhələnin başlandığını deyib:
“Buna görə dövlət başçısı növbədənkənar seçkilər yolu ilə seçicilərə etimad votumu üçün müraciət edir. Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir.
Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib”.
Prezidentin köməkçisi vurğulayıb ki, 2018-ci ildə Azərbaycanda onlarla beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb:
“Aprel ayının sonundakı Formula-1 yarışlarından başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi, Azərbaycan Ordusunun, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı silsilə tədbirlər, Bakı Beynəlxalq Humanitar Forumu və bu qəbildən olan digər tədbirlərin seçkilər öncəsi və seçkilər dövründə təşkili seçki prosesinə də əlavə çətinliklər yarada bilərdi. Bu səbəbdən, seçkilərin belə mühüm tədbirlərdən əvvəl yekunlaşdırılması daha məqsədəuyğundur”.
Novruz Məmmədov qeyd edib ki, müasir dövrümüzdə beynəlxalq münasibətlər sistemində mövcud olan tendensiyaların intensivliyi, Azərbaycanın yerləşdiyi regionda və daha geniş coğrafiyada baş verən proseslər hər an müəyyən suallar yarada bilər. Bu da hazırlıq səviyyəsinin artırılmasını və xarici siyasətdə çevikliyin nümayiş etdirilməsini tələb edir.
Eyni zamanda, Cənubi Qafqaz regionunda və qonşu regionlarda cərəyan edən neqativ proseslərin getdikcə kəskin xarakter alması və Azərbaycanın da yerləşdiyi bölgəyə təsir göstərməsi ehtimalı mövcuddur. Həmin neqativ təsirləri neytrallaşdırmaq məqsədilə atılan qabaqlayıcı addımlardan biri də Prezident seçkilərinin vaxtının irəli çəkilməsidir.