Xəbər lenti


Ulu Öndər Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlığını indi dillərdə əzbər olan bir aforizmə sığışdırdı: “Bir millət, iki dövlət!” Bu aforizmə Prezident İlham Əliyev bir millət və iki dövlətin düşmənin unutmayacağı bir ifadə əlavə etdi: “Bir millət, iki dövlət və bir yumruq!” Bu sözlər tarixən sevinci, kədəri bir olan Azərbaycan və Türkiyənin qardaş dövlətlər olduğunu dünyaya bir daha bəyan etdi.

Canımız-Türkiyəmiz! Böyük Atatürkün sözüdür:

 

“Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”

Yeni Türkiyənin arxitektoru Atatürk və yeni Azərbaycanın arxitektoru Heydər Əliyev öz dövlətçilik quruculuğu ilə bütöv bir məktəb qoyub getdilər. Bu böyük məktəbi Azərbaycanda İlham Əliyev, Türkiyədə Rəcəb Tayyip Ərdoğan zirvələrə qaldırdılar. Tale bu iki dövlətin bir millətini həmin iki davamçının elan etdikləri qardaşlıq missiyası ilə dünyada görünməmiş gücə çevirdi. Tanrının millətə bir messiya (məhz messiya) kimi göndərdiyi İlham Əliyev və Rəcəb Tayyip Ərdogan bu müqəddəs messiya vəzifəsini tarixin indiyədək görmədiyi bir güc möcüzəsiylə yerinə yetirdi: İlham Əliyev 44 günlük vətən müharibəsində “dəmir yumruğu” ilə yağı düşmənin-erməninin başını əzdi. Ərdoğan Türkiyədə rəhbər vəzifələrdə olduğu 21 ildə bu ölkəni dünyaya nümunə kimi yenidən yaratdı. Bir millətin, iki dövlətinin başçıları ən ağır günlərdə də, ən qürurlu anlarda da bir- birinin yanında oldular.

İndi Türkiyədə Prezident seçkilərinə sayılı günlər qalıb. Azərbaycan xalqı Tanrıya duaları ilə Ərdoğanı yenidən Cümhurbaşkanı görmək arzusundadır. İki dövlətin bir millətinin bu arzusu gerçəkləşməyə bilməz. Bunu Türkiyənin böyük şəhərlərində seçicilərlə görüşlərə gələn Ərdoğanın xalqa müraciətlərindəki aydın nitqlərində millət, vətən sevgisi ilə dolu sözlərinə millətin alqışlarında görürük.

Ötən bazar günü belə görüşlərdən biri İstanbulda baş verdi. İstanbul hava limanında Ərdoğanı bir milyon 750 min seçici gözləyirdi. Ərdoğanın meydana gəlişi Tanrı zühuruna bənzədi. Bu tarixi görüşdə bir saat yarım çıxış edən Ərdoğan xalqa öz hesabatını təqdim etdi. Tarixə və tarix dərsliklərinə düşəcək bu çıxışlardan belə bir qənaətə gəldik ki:

- Ərdoğan Türkiyə dövlətinin siyasi, ictimai, iqtisadi, mənəvi, real iradəsidir;

- Ərdoğan Türkiyədə son on ildə həyata keçirilən onlarca, yüzlərcə projenin ideya və icraçı müəllifidir;

- Ərdoğan yeni dünya düzənində Türkiyənin yerini güc dövlətlərinə göstərən milli qəhrəmandır;

- Ərdoğan Türkiyə milli sənayesi ilə ən yeni və ən güclü silahlar yaradan bir ordu başçısıdır.

- Ərdoğan dünyanın ən uca hava limanının, Türkiyənin uzaq bölgələrini bir-birinə yaxınlaşdıran kəsə yolların, ən uzun tunellərin, ən yeni metro tikintisinin baş memarı və mühəndisidir;

Həmçinin oxuyun: Таркан проголосовал в Германии - Фото

- Ərdoğan özünün sülhsevər missiyası ilə dünyanın bir çox media mənsublarının Nobel sülh mükafatına layiq hesab etdikləri bir liderdir;

- Ərdoğan mübarək Türkiyənin səmasında görünən qara buludları qovan cəsarət sahibidir;

- Ərdoğan Türkiyəni dünyanın ən müasir ölkəsinə çevirən keçərli sözə malik dövlət başçısıdır.

- Ərdoğan Türkiyəni terrorla hədələyən PKK-çıların dərsini verən mükəmməl bir hərbiçdir.

- Ərdoğan müsəlman dünyasına nifrətini gizlətməyən Fransa prezidenti Makronu “Ey Makron, haddini bil!” nidası ilə yerində oturdan bir siyasət adamıdır;

- Ərdoğan son illərdə təkcə İstanbulda 37 Universitet yaradan, tələbələrə mümkün olan hər cür dövlət qayğısını təmin edən rəhbərdir.

Ərdoğanın İstanbul seçiciləri ilə görüşünün unudulmaz bir loqosu vardı: “Türkiyə sana emanet!” Bu loqo Ərdoğana ümumxalq sevgisinin cəmi üç sözdə ifadəsidir.

Biz də bu loqoya əlavələr edirik:

- Canımız -Türkiyəmiz! Sən dünya liderləri içərisində ulduz kimi parlayan Ərdoğana əmanət!

- Canımız -Türkiyəmiz! Sən dünyanı savaşdan barışa çağıran Ərdoğana əmanət!

- Canımız -Türkiyəmiz! Sən dünyanın ən dəhşətli zəlzələsinin ağrılarını millətə sevgi qayğıları ilə aradan qaldırmaqda olan Ərdoğana əmanət!

- Canımız -Türkiyəmiz! Sən Atatürk dövlətinin yüz ilini bütün istiqamətlərdə qələbə ilə qarşılamağa çağıran Ərdoğana əmanət!

- Canımız -Türkiyəmiz! Sən doğma qardaşın - Azərbaycanın Prezidenti İlham Əliyevin dayağı olan Ərdoğana əmanət!

14 may günümüz mübarək! 15 mayda Ərdoğanı yenidən Cümhurbaşkanı kürsüsündə görəcək gözlərimiz mübarək!

Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, xüsusi olaraq “Qafqazinfo” üçün  

 

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov