Xəbər lenti



Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə geniş kollegiya iclası keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, 2017-ci ildə 2016-cı illə (11940) müqayisədə 182 fakt artaraq 12122 hadisə qeydə alınıb:

“Onların açılma faizi 4,1% artaraq 80%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 120 hadisə və ya 3,4% azalaraq 1890 olub. 2016-cı illə müqayisədə hesabat ilində qəsdən adam öldürmə cinayətlərinin sayı 3 fakt azalaraq 59 olub, həmin hadisələrdən 1-i istisna olmaqla, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin və 38 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

2017-ci ildə 2016-cı ilə nisbətən 13 quldurluq hadisəsi az baş verməklə, hadisələrin sayı 68 olub, onlardan 8-i bağlı qalıb. Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsi qeydə alınmış və həmin hadisələrdən 1-i bağlı qalıb. Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 1047 işdən 563-ü, daxili işlər orqanlarının istintaq şöbələrinin icraatında olan 14432 cinayət işindən 5003-nün istintaqı tamamlanıb. Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 437 min manat maddi ziyandan 18,1%-i, yəni 443 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 30 milyon 194 min manat maddi ziyandan 85,7%-i, yəni 25 milyon 880 min manatı istintaq zamanı ödətdirilib”.

İ.Abbasov qeyd edib ki, hesabat dövründə bəzi nöqsanlara da yol verilib:

“Quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq onlardan 8 cinayət faktının, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayətlərinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması zəruridir. 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.

Murad Əhməd

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov