Xəbər lenti


Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür.

 

 Ğlkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.

Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. 

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır. 

2020-ci il ölkəmiz üçün tarixi əhəmiyyətli Qarabağ Zəfəri ilə yadda qaldı. 44 günlük Vətən müharibəsindəki Qələbəyə kütləvi informasiya vasitələri öz töhfəsini verdilər. KİV nümayindələri əsl fədakarlıq göstərərək həm ön xətdə vuruşdular, həm də reportajları ilə dünyaya haqq səsimizi çatdırdılar.   

Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik!

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov