Rəfail Mehralıyevin rəhbərliyi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kollektivi öz çətin və məsuliyyətli fəaliyyətini aidiyyəti olan digər qurum və təşkilatların nümayəndələri ilə çiyin-çiyinə yüksək əzm və fədakarlıqla davam etdirir
Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına qarşı geniş miqyasda mübarizə tədbirləri həyata keçirilir. Əlbəttə ki, Bakı şəhərinin bütün rayonlarında da Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq bu istiqamətdə intensiv işlər aparılır. Qeyd etmək yerinə düşər ki, bu tədbirlərin həyata keçirilməsinə görə Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinin üzərinə xüsusilə böyük məsuliyyət düşür. O cümlədən, pandemiya dövründə ən məsuliyyətli işi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kollektivi yerinə yetiriblər. Belə ki, məhz bu qurumun, eləcə də paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaraq səhər və axşam saatlarında Bakı şəhərində küçə və prospektlərin xüsusi kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulması aparılıb. Gündə 2 dəfə Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan 11 400-dən cox yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülüb. Eyni zamanda da görülən profilaktik tədbirlərlə yanaşı olaraq bir neçə ay ərzində davamlı olaraq hərəkətin intensivliyinə və sıxlığına uyğun sanitariya və epidemiologiya üzrə mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. Ümumilikdə isə paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktik işlər yüksək səmərəliliklə həyata keçirilib.
Xatırladaq ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Əlbəttə ki, bütün bu işlərin öhdəsindən layiqli şəkildə gələ bilmək üçün, istənilən qurumun ilk növbədə təcrübəli və səriştəli rəhbərə ehtiyacı vardır. Bu baxımdan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevin də fəaliyyəti xüsusilə qeyd oluna bilər. Məsələ bundadır ki, bu gün Rafael müəllimin rəhbərlik etdiyi departamentin tabeliyində bir çox idarə və müəssisələr fəaliyyət göstərir. Həm də bu qurumlardan hər biri özü-özlüyündə akifayət qədər mürəkkəb struktura və formalaşmış işləmə mexanizmlərinə malik müəssisələrdir. Yəni onların hər birinin ayrı-ayrılıqda idarə olunması artıq böyük səriştə tələb edir. Biz isə, hətta mürəkkəb hava şəraitində belə, bu qurumların işlərini əlaqələndirməkdən, vahid məqsədə nail olmaq üçün onları təşkilatlandırmaq və düzgün yönləndirməkdən danışırıq. Qurumun işi ilə bağlı hazırda cərəyan edən prosesləri müşahidə etməklə gəlinən qənaət isə belədir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev və onun tabeliyində çalışan idarənin əməkdaşları qarşıya qoyulmuş vəzifələrin icrasını yüksək səviyyədə təmin edə bilirlər.