Türkiyə liderinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri eyni zamanda qardaş ölkə rəhbərliyinin bütün Türk Dünyasının lideri olmuş Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun təqviminə dərin sayğısının təzahürüdür
Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətələrini çatdırırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirilib.
Budur, artıq əvvəlki illərdən fərqli olaraq, bu il 15 İyun – Qurtuluş günü tarixi dövrə təsadüf edir. Çünki Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş olub.
Azərbaycan Demokratik Respublikasının süqutundan sonra xalqımız həmişə müstəqilliyini bərpa etmək arzusu ilə yaşamışdır. 1991-ci ildə Azərbaycan digər sovet respublikaları kimi öz müstəqillyini elan etsə də, bizim ölkənin azadlığa çıxması şəraiti tamamilə başqa cür idi: gənc dövlətimiz əvvəlcə Ermənistanla ədalətsiz, qanlı müharibəyə cəlb edilmiş, digər tərəfdən çox sürətlə bir birini əvəz edən səriştəsiz, dövlətçilik anlayışından uzaq olan iqtidarlar ölkəni inkişaf əvəzinə fəlakətə aparırdılar.
Təzəcə müstəqilliyini elan etmiş Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olduğu bir çətin məqamda hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalq özünün yeganə ümidi olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu.
Vətənin belə ağır günlərində - 15 iyun 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalq naminə, vətən naminə, canından da artıq sevdiyi Azərbaycan naminə böyük xilaskarlıq fəaliyyətinə başladı.
Azərbaycan Respublikası xarici qüvvələrin, bir qrup daxildən olan nankorların iştirakı ilə imperiya maraqlarına uyğun parçalanaraq bölüşdürülmə faciəsindən, milli dövlətin iflasından, qlobal məhv olmadan xilas edildi. Beləliklə 18 oktyabr tarixində başlanan müstəqillik 15 iyun - Milli Qurtuluş günü ilə qorundu, möhkəmlənməyə başladı, Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı.
Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqının bu günü və gələcəyi üçün əmanət qoyduğu ideyalar xalqımızın milli mənlik şüuru və milli sərvətidir.Bu ideyaların daşıyıcısı ümummilli liderimizin siyasi kursunun davamçısı Möhtərəm Cənab İlham Əliyevdir.
Ermənistanın bir çox dairələri Qarabağdakı işğal rejiminin danışıqlar prosesindən çıxarılmasını və Qarabağ danışıqlarının Azərbaycan - Ermənistan formatında aparılmasını Qarabağ klanının ən böyük məğlubiyyəti sayırlar. Onların fikrincə, bir neçə dəfə Robert Koçaryanla görüşmüş Heydər Əliyev ustalıqla Qarabağ işğal rejimini danışıqlardan maksimum uzaq tapmağı bacarıb. Erməniləri bunu Heydər Əliyevin Qarabağ məsələsində ən böyük qələbəsi sayırlar.
Bu məsələdə müəyyən qədər haqlıdırlar, çünki Heydər Əliyevə qədər qərb dövlətləri - ABŞ, Britaniya və s. hətta Azərbaycan torpaqlarının Rusiya silahlıları tərəfindən alınıb Ermənistana verildiyini bilsələr də, Dağlıq Qarabağı ayrıca subyekt kimi görməyə meylli idilər və ABŞ Konqressində Azərbaycana qarşı 907-ci düzəliş də bu məntiqlə qəbul edilmişdi. Hətta BMT-də qəbul edilmiş 4 qətnamədə belə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən deyil, erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir. İşğalçı kimi Dağlıq Qarabağa məxsus erməni qüvvələri göstərilir, işğal ərazisi kimi də Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bəhs edilirdi. Rus politoloqlar bu fikirdədir ki, Qərb SSRİ-ni dağıtmaqda əsas rol oynamış Ermənistanı Qarabağla mükafatlandırmaq istəyirdi.
Lakin Heydər Əliyev bunun qarşısını ala bildi və işğalın məhz Ermənistan tərəfindən edildiyini Qərb dövlətlərinə qəbul etdirə bildi. Təsadüfi deyil ki, 2001-ci ildə ABŞ prezidenti seçilmiş Corc Buş Konqresə məktub yazaraq Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında tutulduğunu, Ermənistanın işğalçı dövlət olduğunu nəzərə almağı xahiş etmişdi. Corc Buşun məktubu Qərbdə Ermənistanı işğalçı dövlət kimi tanıdan ilk rəsmi sənəd saylır.
Lakin Heydər Əliyev müharibənin gedişində də dönüş yaratmışdı. Onun ən böyük hərbi qələbəsi 1993-cü ilin dekabrında başlamış və 1994-cü ilin yanvarında başa çatmış Horadiz əməliyyatı idi. Həmin əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 20 kənd Azərbaycanın nəzarətinə qaytdı. Ermənistan Silahlı Qüvvələri həddindən böyük itki verdi, indiyə kimi 15 min erməninin Horadizdə itkin düşdüyü deyilir, böyük ehtimalla ölən erməni əsgərlərin meyitləri Xankəndiyə aparılaraq orada yox edilib.
Horadiz qələbəsi Ermənistanı atəşkəsə məcbur etdi, halbuki ermənilər Rusiyanın havadarlığından cuşa gələrək Xəzərə qədər çıxmaq, Kürlə Arazın arasını tamamilə nəzarətə götürmək planlarından danışırdılar. Tarix göstərdi ki, həmin atəşkəs Azərbaycanın inkişafına, hərbi qüdrətinin güclənməsinə səbəb oldu, buna görə ermənilər Horadiz döyüşlərini özləri üçün çox uğursuz sayırlar.
“1960-1970-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”, - söyləyən ulu öndər Heydər Əliyevin güclü qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddiaları iflas olunmuşdu. Ulu öndər Qarabağın geosiyasi tarixini, geoiqtisadiyyatı və mədəni-mənəvi həyat tərzini, orada tarixən yaşayan azərbaycanlı, eləcə də məskunlaşan erməni ailələrin keçmişini, birgə yaşayış münasibətlərini akademik səviyyədə bilir və Qarabağın inkişafı, abadlaşdırılması istiqamətində bütün sahələr üzrə işlər aparırdı.
Vətən müharibəsində qazanılan qələbədə Azərbaycanın kökübir qardaşı Türkiyə dövlətinin, onun lideri Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi dəstəyi də ciddi rol oynadı. Müharibənin ilk günlərindən, hətta ondan da əvvəl Türkiyə yanımızda oldu. Azərbaycan Ordusunun PUA-larla silahlanmasında, bu silahı idarə edəcək hərbi mütəxəssislərimizin hazırlanmasında Türkiyənin köməyi unudulası deyil. Müharibənin ilk anlarında Türkiyə bütün səviyyələrdə dəfələrlə bəyan elədi ki, Azərbaycanın yanındadır və sonadək də belə olacaq. Bu, dünyaya və işğalçı tərəfə ciddi mesajlar idi.
Son zamanlar isə Ermənistandan revanşist bəyanatlar, hərəkətlər, təxribatlar çoxalıb. Ermənilər Şuşanı, Qarabağı qaytaracaqlarından danışırlar, sərhəddə təxribatlar törədirlər, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəklərini bəyan edirlər. Türkiyə Prezidenti cənab Ərdoğanın Azırbaycanda Milli Qurtuluş Gününə təyin olunmuş Şuşa səfərinin məhz belə bir dönəmdə həyata keçirilməsi Ermənistana və onu qızışdıranlara cavab və mesaj olacaq. Rəcəb Tayyib Ərdoğanın məhz belə bir zamanda Şuşaya – Azərbaycanın mədəniyyət paytaxtına səfəri həm də rəmzi məna daşıyır.Bu səfər eyni zamanda qardaş ölkə rəhbərliyinin bütün Türk Dünyasının lideri olmuş Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun təqviminə dərin sayğısının təzahürüdür. Cənab Ərdoğan Türkiyənin Şuşada, Qarabağda Azərbaycanla birlikdə olduğunu hər kəsə nümayiş etdirəcək. Biz əminik ki, Şuşadan çox ciddi mesajlar, bəyanatlar olacaq. Bu hadisə həm də Azərbaycanın qətiyyətli mövqeyində möhkəm dayanacağına işarədir. Eyni zamanda məlum üçtərəfli bəyanata hamının əməl etməsinin vacibliyi nəzərə çatdırılacaq.
Akif Məlikov
Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru,
Azərbaycanın əməkdar incəsənət xadimi