Xəbər lenti



Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir

 

Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu baxımdan İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdu. Fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə başlanan dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız, suverenliyimizin və ərazi bütövlüyümüzün yeganə təminatçısı olan Azərbaycan Ordusudur.

Ulu öndərin 1993-cü ilin iyun ayının 15-də hakimiyyətə qayıdandan sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Heydər Əliyev respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qələbəmizlə nəticələnən Vətən müharibəsində  vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm... Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bununla da sübuta yetdi ki, Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.

Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır-- xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Təməli böyük uzaqgörənliklə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət - iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk hərbçilərinin Bakıda keçirilən Qələbə paradında iştirak etməsi qəlbimizi qürur hissi ilə doldurdu və Ulu Öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” tezisinin növbəti dəfə təsdiqi oldu. Budur, Türkiyə lideri yaxın günlərdə NATO sammitində iştirak etmək üçün Brüsselə səfərindən sonra Azərbaycana gələcək. Səfər iyunun 15-16-da həyata keçiriləcək. Prezident Ərdoğan Şuşaya ailəsi ilə birlikdə gedəcəyini vurğulayıb: “İlham Əliyev qardaşımla, ailəlikcə işğaldan azad edilmiş Şuşaya səfər edəcəyik”.

Ərdoğan 2020-ci ilin dekabrında Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi şərəfinə təşkil olunan paradda iştirak etdiyi vaxt Prezident İlham Əliyevin altı ölkədən - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran - ibarət platformanın yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan etmişdi. İstisna deyil ki, bu səfərdə Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə oluna bilər. Bu, indiki dövrdə hərbi baza kimi olmasa belə, hansısa rəsmi təmsilçilik formatında mümkündür.

Türkiyə Prezidentinin 10 dekabrda birgə “Dəmir yumruq” paradından sonra Qarabağın açar şəhəri tarixi Şuşaya səfəri düşmənə gözdağı ilə bərabər, Azərbaycanın müharibədə qətiləşmiş qələbəsinə vurulacaq daha bir möhür olacaq. Həm də davam etməkdə olan həssas bir dönəmdə, sərhədlərlə bağlı Ermənistanın və bəzi beynəlxalq güclərin apardığı təbliğatın fonunda Azərbaycana bu səfərin mühüm əhəmiyyəti var.

Manaf Manafov,

Yeni Azərbaycan Partiyasının üzvü,

Pirallahı rayon Mənzil – Kommunal Təsərrüfat Birliyinin rəisi,

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov