Noyabrın 10-da əldə olunan üçtərəfli sazişə əsasən Azərbaycandan Naxçıvana dəhliz çəkiləcək. Beş ölkəni yaxından maraqlandıran bu dəhliz Türkiyə və Azərbaycanı qurudan birləşdirmiş olacaq.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri yazıb.
“Mütəxəssislər bildirir ki, dəhliz açılarsa, bölgədə idxal-ixrac proseslərini artacaq və daha ucuz başa gələn həm avtomobil yolları, həm də dəmir yolu xətlərinin çəkilməsi mümkün olacaq. Bununla da Naxçıvan regional nəqliyyat sisteminin əsas damarı sayılacaq.
Bakı-Naxçıvan-Qars dəmir yolu xərclər və vaxt baxımından Bakı-Tiflis-Qars dəmir yoluna nisbətən daha ucuz başa gələcək. Eyni zamanda, iki ölkə arasında turist sayında da artım müşahidə ediləcək.
Bu dəhlizin digər bir üstünlüyü isə Türkiyə və Azərbaycanı qurudan birləşdirməsidir. Bununla Azərbaycandan Türkiyəyə yüklərin daşınması asanlaşacaq. Hazırda tikintisi aparılan Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinə qoşulmaqla beynəlxalq yüklərin Avropaya daşınması mümkün olacaq. Bu addımla Azərbaycandan ixrac olunan məhsulların yol xərcləri də azalacaq. Ağrı, Ərdahan, İğdır və Qars şəhərləri ilə birgə Türkiyənin Şərqi Anadolu bölgəsi başda olmaqla, iki ölkə arasında ticarət əlaqələri daha da genişlənəcək”, - məqalədə bildirilib.