Xəbər lenti




Azərbaycan 10 noyabr sənədi ilə iki əsas məsələni həll edib. Birinci növbədə işğalçı qüvvələr torpaqlardan çıxarıldı, ikincisi  Ermənistanın ərazilərimizdə müstəqil dövlət yaratmaq, ermənilərin toplam yaşadığı yerlərə status vermək istəklərinə son qoyuldu.



Bu gün azad edilmiş ərazilərə Azərbaycan Ordusu nəzarət edir və rus sülhməramlılarının yerləşdiyi Xankəndinə, Xocalıya və digər yaşayış məntəqələrinə də azərbaycanlılar köçürüləcəklər. Bundan sonra bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq əsasında həll ediləcək. Bu sənəd Azərbaycanın milli maraqlarını cavab verir.

Humanitar nöqteyi-nəzərdən, müharibədə hər gün az, ya çox sayda insanların ölümüdür. İqtisadi baxımdan isə müharibənin hər günü milyonlarla dollar vəsaitin xərclənməsi deməkdir. Bu bəyanatla həm ailələrin faciəsinin, həm də xərclərin qarşısı alındı. Azərbaycan prezidenti həmişə bəyan edib ki, münaqişənin dayanması Ermənistandan asılıdır. Yəni erməni tərəfi qoşunların işğal olan yerdən qısa zaman ərzində, şərtsiz çıxarması barədə cədvəl verməlidir. Bu bəyanatda həmin cədvəl verildi, prezident verdiyi sözə əməl etdi.




Bundan başqa, bəyanatın 9-cu maddəsinə əsasən Naxçıvan bölgəsi ilə koridorun yaranması iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir. Naxçıvan koridoru Laçın koridoru ilə eyni statusa malik olsa da, faydalılığı daha səmərəlidir. Bu dəhliz türk dünyasına açılmış koridor hesab etmək olar.

Hərb meydanda əldə etdiyimiz şərəfli qələbəni indi diplomatiyada tamamlamaq lazımdır. Bundan sonra vəziyyəti öz xeyrimizə daha da necə dəyişə biləcəyimizlə bağlı nə etməli olduğumuzu düşünməliyik. Xocalıya azərbaycanlılar qaytarılmalı, onların təhlükəsizliyini təmin etmək üçün ora polis gücü getməlidir. Sülh müqaviləsində Dağlıq Qarabağdakı rayonlara səlahiyyətləri artırılmış yerli özünüidarə statusları tanına bilər. Rus sülhməramlıların olduğu ərazilərdə Azərbaycan manatı, Azərbaycan Konstitusiyası keçərli olmalıdır, çünki həmin torpaqlar Azərbaycanın beynəlxalq hüquqla tanınmış torpaqlarıdır.

Bakının işğalçı ölkəyə qarşı təzminat iddiası da ciddiləşir. Artıq işğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın miqyasını dəqiqləşdirməkdən ötrü beynəlxalq səviyyəli ekspertlərin də iştirakı ilə müvafiq araşdırmalara başlanıb. Söhbət həm də bu illər ərzində ərazilərimizdə qanunsuz şəkildə istismar edilən çoxsaylı əlvan metal yataqlarından gedir. Ermənistan bu təzminat davasından yaxasını kənara çəkə bilməyəcək.




Daha “Azərbaycana qarşı Ermənistan yox, Dağlıq Qarabağın ”özünümüdafiə ordusu" vuruşub" kimi sərsəm iddialar da keçməyəcək. Ən azı ona görə ki, 44 günlük Qarabağ savaşının bitməsinə dair 9 noyabr üçtərəfli sazişinə mifik  “arsax hökuməti” yox, məhz Ermənistan rəhbəri Nikol Paşinyan imza atıb. Bununla da o, ölkəsinin Azərbaycanla münaqişədə əsas tərəf olduğunu rəsmən təsdiqləyib. Ermənistandan gələn xəbərlərdən aydın olur ki, artıq bununla bağlı düşmən ölkədə təlaş başlayıb.

Bu tarixi zəfər bir çox vərdiş etdiyimiz reallığı dəyişdi, yeni tarixi reallıqlar yaratdı. İndi həm regionda, həm də bütün dünyada bu yeni reallıqlarla hesablaşmaq məcburiyyətindədirlər. Və bununla hər kəs istəsə də, istəməsə də barışmalı olacaq.

27 sentyabr sadəcə, təqvimdəki bir gün deyil. Bu həm də Azərbaycanın və ümumiyyətlə, Cənubi Qafqazın yenidən doğulduğu gündür. Çünki bir çox vərdiş etdiyimiz anlayışlar 27 sentyabrdan əvvəlki dövrdə qaldı. Beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan artıq yoxdur. Onun əvəzinə öz hərbi-siyasi gücünü həm düşmənə, həm regionda maraqları olan dövlətlərə, həm də ümumiyyətlə, bütün dünyaya sübut etmiş və yenidən dizayn edilmiş güclü Azərbaycan var. Ərazisinin bütövlüyünü bərpa edib, sərhədləri daxilindəki bütün torpaqları üzərində hərbi-siyasi iradəsinin hökmünü təmin etmiş dövlət mövcuddur.

Artıq ölkəsinin ərazi bütövlüyünün nə vaxt bərpa ediləcəyi barədə düşünən, hətta buna ümidini az qala itirmək üzrə olan və daim stress keçirən Azərbaycan vətəndaşı da yoxdur. İndi dövlətinin və ordusunun tarixi zəfərindən məst olmuş, özünü hər şeyə qadir güdrətli ölkənin sakini kimi hiss edən qürurlu Azərbaycan vətəndaşı var.

Artıq bəzi dövlətlərin maraqlarının kəskin şəkildə toqquşduğu hərbi-siyasi poliqona çevrilmiş Cənubi Qafqaz regionu da yoxdur. İndi gələcək taleyinin müəyyənləşdirilməsində məhz güclü Azərbaycan dövlətinin hərbi-siyasi iradəsi ilə hesablaşılan fərqli bir region var.

 

Azərbaycan ərazilərini son 30 ildə işğal altında saxlaması ilə lovğalanan, öz məğlubedilməzliyi ilə bağlı qondarma miflər uydurub, hər imkanda qonşusunu təhdid etməkdən manyakal zövq alan Ermənistan da yoxdur. İndi işğal etdiyi ərazilərin hamısını itirmiş, hətta öz gələcək mövcudluğunun təhlükə altına düşməsindən əndişə duyan miskin bir Ermənistan var.

Əlbəttə ki, bu örnəkləri istənilən qədər artırmaq da olar. Ancaq bu qədər də kifayət edər. Çünki zaman keçdikcə Azərbaycanın 27 sentyabrda başlatdığı və 10 noyabrda Ermənistanın kapitulyasiyası ilə yekunlaşdırdığı tarixi zəfərin önəmli nəticələri daha aydın şəkildə ortaya çıxmağa başlayacaq.

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Bu 44 gün ərzində Azərbaycan xalqı öz liderinin - Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Odur ki, Azərbaycan dövlətinin və ordusunun qazandığı bu tarixi zəfərin dəyərini hər bir vətəndaş bilməlidir. Bəli, hər birimiz bu zəfərin dəyərini bilməliyik.


"CARÇIOĞLU GROUP" MMC-nin təsiscisi Elçin Murtuz oğlu CARÇIYEV

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov