Kəlbəcər - Azərbaycan Respublikası ərazisində yerləşən rayondur və inzibati mərkəzi Kəlbəcər şəhəridir.

 

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. 2 aprel 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilsə də, Azərbaycanın Milli Ordusu 27 sentyabrda başlanan əməliyyatların sonunda Kəlbəcərin geri qaytarılması prosesi başlanıb.  

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılıb. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək zirvəsi olan Camışdağın (Murov dağının zirvəsi) hündürlüyü 3724 metrdir.

Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 280 min hektar ərazisini meşələr təşkil edir.

Kəlbəcər ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları; sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min kubmetr olan qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.

Kəlbəcərdə zəngin civə yatağı vardı 3 böyük yataqdan yalnız Ağbulaq və Şorbulaq civə yatağı istismara verilib. Texnologiya köhnə olduğundan civəni tamamilə süxurdan ayırmaq mümkün olmayıb və əldə edilmiş məhsul maya dəyərini ödəməyib. 80-ci illərdən başlayaraq fasilələrlə, sonralar isə civənin istismarı tamamilə dayandırılıb. Civə dünyada nadir tapılan və olduqca qiymətli filizdir. Kəlbəcərin polimetal və uran yataqları isə əl dəyilməmiş qalıb.

Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkilərdən 200-ə qədəri dərman bitkiləridir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal bu yerlər üçün xarakterik fauna növləridir.

Kəlbəcərin zəngin bitkilər aləmi vardır və onları bir neçə qrupa bölmək olar:

  1. Dərman bitkiləri (qida və təbabətdə istifadə üçün əhəmiyyətli olan).
  2. Çiçəkli bitkilər (qida, bəzək və parfumeriya üçün əhəmiyyətli olan).
  3. Tikinti materialı, mebel və musiqi alətləri istehsalı üçün əhəmiyyətli olan.