Xəbər lenti


 

Azərbaycan xalqı böyük coşğu ilə möhtəşəm qələbəsinin sevincini yaşayır. Artıq 10 noyabr 2020-ci il tariximizə unudulmaz bir gün kimi yazılıb. Məhz həmin səhərə açılacaq gecə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

 

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzaladıqları bu bəyanatın tarixi əhəmiyyəti var. Bununla qürurlanırıq ki, Ermənistan silahlı qüvvələri tərəfindən otuz ilə yaxın işğalda saxlanılan torpaqlarımızla Azərbaycanımızın bütövləşdiyi tarixin şahidləriyik.

İkinci Qarabağ müharibəsinin başladığı gündən, ordumuzun uğurlu əks-hücum əməliyyatına keçdiyi vaxtdan Azərbaycan xalqı bu xəbəri gözləyirdi. Qüdrətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan bütün ərazilərimizin tezliklə azad ediləcəyinə inanırdıq. Və indi böyük fəxarətlə, sonsuz qürurla, səsimiz gəldikcə deyirik: Qələbə bizimdir!

Bu günlərdə hər bir azərbaycanlı özünü qarabağlı kimi hiss edir. Qarabağ Qədim Azərbaycan torpağı Qaraqbağın erməni işğalçılarının əsarətində qalması hər bir azərbaycanlının qürurunu əzir, qəlbini incidirdi. Odur ki, Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşdi. Bu birlik düşmənlərə gözdağı oldu və bizi qələbəyə qovuşdurdu. Bundan sonra yolumuz daha da uzundur. Yaradılışdan gözəl olan Qarabağ torpaqlarını erməni işğalçıları talan edib, el-obalarımızı viran qoyub. Əl-ələ verib o yurd yerlərini yenidən gülüstana çevirəcəyik.

İlham Əliyevin imzaladığı bəyanat yalnız savaşın yekun həllini təmin edəcək ədalətli hüquqi sənəd deyil. O, daha çox Azərbaycanın əsrlər boyu davam edən münaqişədə qalib tərəfə çevrilməsini və ərazi bütövlüyünün birmənalılığını təsdiqləyir. Prezidentin imza atdığı bəyanat son 5 əsrlik tariximizin ən qüdrətli hərbi qələbəsinə məntiqi sonluq verən ZƏFƏR MANİFESTİdir.

Azərbaycan Ordusu Qarabağda sülhəməcburetmə əməliyyatına başlarkən İlham Əliyevin savaşın dayanması üçün irəli sürdüyü şərtlər bu bəyanat vasitəsilə artıqlaması ilə - maksimum təmin edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu; Ermənistan Respublikası təslimçilik aktını imzaladı; Ermənistan ordusu bir daha dirçəlməyəcək tərzdə məhv edildi; Qarabağın heç bir fərqləndirici idarəçilik statusu olmayacaq; Naxçıvan 102 illik həsrətdən sonra Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi yaradaraq blokadadan çıxmaq fürsəti əldə etdi; Zəfərimizin bir parçası olan Türkiyə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə hərbi kontingentlə iştirak edəcək.

Prezidentin komandanlığı ilə başlayan zəfər yürüşü nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun kəndlərini azadlığa qovuşdurdu.

Hər bir kəndin düşməndən təmizlənməsi ayrılıqda düzgün və güclü hərbi planın uğurlu gedişinin təzahürüdür. Hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. Bu silsilədə Şuşanın azad edilməsi xüsusi fərqlənir. Hələ ki bu zəfərin bütün hərbi detalları məlum olmasa da, düşmənin alınmaz qalaya çevirdiyi qürur rəmzimizi Ordumuzun yalnız yüngül atıcı silahlarla fəth etməsi dünya hərb salnaməsinə düşmək haqqı qazandı.

Qələbə bəyanatının imzalanmasından bir neçə saat əvvəl isə 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi düşmənə növbəti sarsıdıcı zərbə idi.

Prezidentin hərbi əməliyyatların başlandığı ilk saatlarda təcavüzkardan konkret qrafik əsasında Azərbaycan torpaqlarını boşaltmasını tələb etməsi bəzilərinə nə qədər qeyri-real görünsə də, İlham Əliyev bu mümkünsüzü də mümkünə çevirdi.

Hərbi yürüşlə azad etdiyimiz yaşayış məntəqələrinin sırasına Prezidentin diplomatik istedadı hesabına Ağdam, Kəlbəcər və Laçın qısa müddətdə qansız-qadasız əlavə olunacaq!

Ümumiyyətlə isə, bu savaş İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətini dəfələrlə nümayiş etdirdi.

Prezident - Qarabağ cəbhəsində məğlub və qalib dövlət-xalq yerdəyişməsi etdi; Qarabağda yeni status-kvo, yeni hərbi-siyasi reallıq yaradaraq təmas xətti anlayışını birdəfəlik dəf etdi; Sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşəcək tərəf yalnız Rusiya olmayacaq, qardaşımız Türkiyə də möhtəşəm hərbi gücü ilə sülhyaratma missiyasının həmtəminatçısına çevriləcək; Naxçıvanın blokadadan azad olunması, Ermənistan ərazisi ilə dəhlizin yaradılması vəzifəsi Rusiyanın üzərinə qoyuldu; Hərbi, iqtisadi böhran məngənəsində olan Ermənistanı böyük siyasi xaosa sürüklədi; Ermənistanın fövqəldövlətlər timsalında olan havadarlarının hərbi əməliyyatları dayandırmaq tələbinə əhəmiyyət verməyərək sonadək getdi və hər addımda milli dəyanətimizi göstərdi; Onilliklər boyu erməni lobbisi tərəfindən formalaşan çox güclü anti-Azərbaycan informasiya məkanını təkbaşına darmadığın etdi; Qafqazın iqtisadi gücü olan Azərbaycanı artıq bütün bölgənin şəriksiz liderinə, yeganə söz sahibinə çevirdi.

İlham Əliyevin qələbələri bu gün Ermənistanı səfil, xaos içində olan, vətəndaş müharibəsi girdabına sürüklənən, hərbi məğlubiyyət yaşayan, tənəzzülə uğrayan ölkəyə çevirib. Bütün Ermənistan qan çanağına dönüb. Paşinyanın kabineti, parlament binası, digər dövlət strukturları dağıdılıb, spiker ölümcül döyülüb, müxalifət hakimiyyətin hərbi xuntaya verilməsini tələb edir, hərbçilər dövlət çevrilişi hazırlığındadırlar.

Ermənistan tənəzzüldə, erməni xalqı çarəsizlikdə, İlham Əliyev - Azərbaycan isə tarixi qələbəsini bayram etməkdədir!

Bu, hələ başlanğıcdır! Yeni başlanğıc!.. Azərbaycan tarixinin, həm də elə erməni tarixinin yeni başlanğıcı! Biri zəfərlə, digəri isə məğlubiyyətlə yazılır!..

İlham Əliyevin yazdığı tarix həmişə möhtəşəm idi, amma indi daha da əzəmətlidir!

Bəli, bu günlərdə məmləkətimizdə bayram-bayrama qarışıb. 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün, 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü, 10 noyabr erməni işğalına son qoyulduğu gün...

Təqvimdə beynəlxalq Mədəniyyət Günü, ölkəmizdə ayrı-ayrılıqda incəsənət növləri üzrə Milli Musiqi Günü, Teatr İşçiləri Günü, Kino Günü, Turizm Günü və s. qeyd olunur. Təklif edərdim ki, 8 noyabr həm də Azərbaycan mədəniyyət işçilərinin peşə bayramı günü olsun. Çünki həmin gün işğaldan azad olunan Şuşa Qədim Azərbaycan Mədəniyyətinin beşiyidir.

Akif Məlikov
Əməkdar İncəsənət Xadimi ,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov