Gözün aydın olsun, Azərbaycan!
Tarixə şahid olduq. Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Beləliklə, 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar. Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə ölkənin hər yerində davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan yüz minlərlə vətəndaş Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.
Qətiyyən şübhə yoxdur ki, Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunan 10 noyabr günü, sözün əsl mənasında, doğma yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyət tarixidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləməklə gələcəyimizə olan böyük inamı bu gün onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən ərazi bütövlüyümüzün təmin edilməsində gerçəkliyə çevrilib.
Sentyabrın 27-dən başlayaraq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.
Məxsusi qeyd etməyə dəyər ki, Şuşanın azad olunması müharibənin gedişində həlledici mərhələ oldu. Möhtərəm Prezidentimizin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi. Düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, son günə qədər həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən isterik vəziyyətə düşdü, ertəsi gün onlarla kəndi, qəsəbəni, strateji yüksəklikləri tərk etməyə məcbur oldu.
Ertəsi gün isə 9 noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü idi.
Şanlı qələbəmizi şərtləndirən mühüm nüanslar sırasında əlbəttə ki, xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlət başçısının ətrafında yumruq kimi birləşərək, Onu qeyd-şərtsiz dəstəklədi. Heç təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbəri elan olunandan dərhal sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bu münasibətlə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanladılar.
İşğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlarımızın davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik məharəti, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. Dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdan həmin sənədlər bizə əlavə güc verdi.
Əbədiyaşar rəhbərimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.
Doğrudan da cənab İlham Əliyevin dediyi kimi, bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı: “Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi”.
Nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən cənab İlham Əliyev həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, cənnətməkan ruhu qarşısında baş əydi. Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, xalqımıza zəfər sorağı verdi: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Böyük çətinliklər bahasına başa gələn bu şanlı qələbənin dəyəri bizim üçün misilsizdir. Müharibədən çıxardığımız tarixi dərsləri heç zaman unutmamalıyıq. Bu müharibədə, bir tərəfdən müasir dünyanın haqsızlıqlara, ədalətsizliklərə və aşkar terror cinayətlərinə göz yummasına, düşmənin bəzi “fake” xəbərlərinə isə dərhal reaksiya göstərərək münaqişənin həllinin öz maraqlarına uyğun dəyişməyə çalışmasına, digər tərəfdən isə qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyinə, etibarlılığına və ən başlıcası, yüksək vətənpərvərlik və qələbə ruhuna köklənən xalq-dövlət-ordu birliyinin sarsılmazlığına şahid olduq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.
Manaf Manafov,
Bakı şəhəri Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi