Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan yaşayış məntəqələrimizdən biri də Zəngilan rayonunun Tiri kəndidir. Elmi ədəbiyyatda geniş məlumat olmayan bu kəndin tarixi, sorağı bir neçə min il əvvələ gedib çıxır. “Tiri” toponimi özündə hansı sirləri yaşadır?
Bizimaz.az Axar.az-a istinadən Zəngilanın Tiri kəndinin tarixi ilə bağlı Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin fikirlərini təqdim edir.
“Cəbrayıl rayonunun ərazisində, Araz çayının sol sahilində Diridağ adlanan dağ ucalır. Burada Diri kəndinin və qalasının xarabalıqları var. Deyilənə görə, XVIII-XIX əsrlərdə bu kəndin əhalisi Azərbaycanın cənubundakı Qaradağ mahalına köçmüş, lakin sonralar onların bir qismi geri qayıdaraq indiki Zəngilan rayonunun ərazisində “Dirili” adlı yaşayış məskəninin əsasını qoymuş, az sonra isə həmin ərazi Muğanlı kəndinə birləşmişdir. Toponim özündə Albaniyanın Tri əyaləti və eyniadlı qalasının adını əks etdirir. Məxəzlərdə bu ada VII-IX əsr hadisələri ilə əlaqədar rast gəlinir. Alban tarixçisi Musa Kalankatuklu öz əsərində (Albaniya tarixi, III kitab, 17-ci fəsil) “Xəzərlər tərəfdən sərçədən çox iri olan çəyirtkələrin basqın edib Albaniya ölkəsinin zəmilərini talan etməsi”ndən, “böyük bəlalar gətirən sərt qış nəticəsində çoxlu mal-qaranın qırılması və çobanların həlak olması”ndan bəhs edərkən Albaniyanın Sünik və Amarasla yanaşı, Tri vilayətinin də adını çəkir. Akademik Ziya Bünyadovun yazdığına görə, IX əsrdə Beyləqan hökmdarı Yesai Əbu Musanın idarəçiliyində olan Arran vilayətləri sırasında Tri də vardır.
Hazırda Tri (Tiri) qalasının xarabalığı Zəngilan rayonunda, Oxçu çayının Araza töküldüyü yerdə yerləşir. Qala əlverişli strateji mövqeyə malik iki terrasdan ibarət yüksəklikdə çay daşından inşa olunub. Yüksəkliyin yuxarı hissəsi balıq şəkillidir və şərqdən qərbə doğru uzanır. Onun eni 15, uzunluğu 75 metrə yaxındır. Burada kvadrat şəkilli bürcün qalıqları var. Bürcün qalmış hündürlüyü 3 metrə çatır. Aralarında ağac dirəklərin izi olan divarların eni də 3 metrdir. Qaladan Oxçu çayı dərəsini, Araz çayı ətrafındakı geniş vadini müşahidə etmək mümkündür. Görünür, uzaq keçmişdə buradan karvan yolları, ordu hissələrinin hərəkəti nəzarətdə saxlanılıb. Araşdırmalar göstərir ki, qala XVI-XVII əsrlərə qədər Araz çayı sahilində möhkəmləndirilmiş məskən kimi öz funksiyasını yerinə yetirib. Sonralar burada salınmış kənd də qalanın adı ilə adlandırılıb. XIX əsrə aid mənbələrdə həmin kənd “Diri” kimi qeydə alınıb.
Tri, Tiri və Diri toponimləri eyni mənşəlidir. Onun Suriya dilindəki “deyrə” (məbəd) sözündən olması ehtimal edilsə də, daha çox türk dilində aydın izahı var. VII-XIII əsr qədim türk yazılı abidələri əsasında tərtib edilmiş fundamental “Qədim türk lüğəti”ndə (Leninqrad, 1969) “Tiri” və “Tegrəki tiri” (Dairəvi tiri) sözü iki mənada izah olunur: 1. Diri, canlı; 2. Ətrafında, əhatəsində, yaxınlığında yerləşən. Doğrudan da, qala mahiyyətinə, yerləşmə mövqeyinə görə bu şərhə uyğundur. Toponimin e.ə.VIII əsrə aid mixiyazılı qaynaqlarda adı keçən Teriu (işa) məskəni ilə əlaqəsini də güman edə bilərik. Ötən əsrin 70-ci illərində Tri qalasında kəşfiyyat xarakterli arxeoloji işlər aparılsa da, hazırda onun tədqiqini qənaətbəxş hesab etmək olmaz”.