Azərbaycanın Böyük Vətən Müharibəsinin bir ayı tamam oldu. Sentyabrın 27-də səhər erkən saatlarda düşmənin hücumuna əks hücumla cavab verən rəşadətli Azərbaycan Ordusu işğalçıya ağır zərbələr endirdi və irimiqyaslı hərbi əməliyyatlara başladı.
Silahlı Qüvvələrin qarşısına yalnız bir məqsəd qoyulmuşdu: düşmən tapdağı altında olan bütün torpaqların azad olunması!
Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəlir
Birinci növbədə düşmənin haqqında fəxrlə danışdığı, alınmaz qala hesab etdikləri “Ohanyan müdafiə xətti” qısa müddətdə darmadağın edildi və döyüşlərin birinci günü Füzuli rayonunun 20-dən artıq kəndi işğaldan azad olundu. Ordumuzun bu qalibiyyəti düşmənin müqavimətinin sındırılmasında həlledici rol oynadı. Ermənilər inana bilmirdilər ki, Azərbaycan artilleriyası, aviasiyası cəmi bir neçə saat ərzində möhkəmləndirilmiş mövqeləri darmadağın edə bilər.
İki istiqamətdən – Şimaldan və Cənub - Şərqdən irəliləyən qoşunlarımız cəmi bir ay ərzində 167 kənd, 3 qəsəbə və 4 şəhəri düşməndən azad edib. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Mincivan, Hadrut, Suqovuşan qəsəbələri və hərbi əhəmiyyətli strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib.
Laçın rayonunun bir neçə kəndini azad etməyə müvəffəq olmuş hərbi birləşmələr düşmən ordusu üçün həyati əhəmiyyət daşıyan Laçın dəhlizinə nəzarəti təmin etməyə yaxındır. Hərbi ekspertlərin qiymətləndirmələrinə görə, Laçın dəhlizinə nəzarət təmin olunduqdan sonra Qarabağ ərazisində olan işğalçı ordunun qalıqları mühasirə vəziyyətinə düşür. Çünki arxa ilə əlaqəni təmin edən bütün yollar qapanır. Bundan əvvəl Kəlbəcər rayonundan keçən iki hərbi yol da ordumuzun nəzarətinə keçmişdi.
Azərbaycan Silahlı Qüvvələrinin ildırım sürətli qələbələri dünyanın müxtəlif ölkələrində, hərbi mərkəzlərdə ciddi təhlil olunur. Ordumuzun malik olduğu müasir dəqiq silahlar, yüksək texnoloji üstünlüyə malik olan dronlar, şəxsi heyətin döyüş hazırlığı uğurların əsas səbəbi kimi qeyd olunur.
Müharibənin ilk ayı Azərbaycan xalqının Orduya, dövlətə və Ali Baş Komandan İlham Əliyevə birmənalı dəstəyi ilə yadda qaldı. Bütün siyasi qüvvələr fəaliyyətini dayandırıb Vətən Müharibəsinə kökləndi, hər kəs qələbə üçün əlindən gələni etməyə başladı. Ölkədə bu günə qədər müşahidə olunmayan milli birlik, həmrəylik yarandı, küçələr, xiyabanlar, binalar, maşınlar Azərbaycan bayrağına büründü. Silahlı Qüvvələrə Yardım Fonduna hərbçilərin ehtiyacları üçün yüz milyonlarla manat toplandı, zəruri olan dava-dərman, isti paltar və s. ləvazimatlar alınıb hərbi hissələrə göndərildi. Azərbaycan əsgəri arxasında Vətənin bütün gücünü, dəstəyini hiss edib düşmənə daha sarsıdıcı zərbələr vurmağa başladı.
Vətən uğrunda canından keçən şəhidlərimizin qarşılanması, dəfni, onların ailələrinə, yaxınlarına dövlətin, cəmiyyətin verdiyi misilsiz dəstəyi sözlə ifadə etmək çətindir. Bu dayanışma, birlik ağrıların paylaşılması, qarşıda gözləyən böyük qələbə cəmiyyətin mübarizə ovqatını daha da gücləndirir.
Vətən Müharibəsinin uğurla davam etməsi Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox sahələrdə olduğu kimi, psixoloji cəhətdən də üstünlük qazanmasına səbəb olmuşdur. Apardığım müşahidələr göstərir ki, ölkədə bu yoldakı irəliləyiş insanlar arasında həmrəylik və birlik yaradıb. Bu, eyni zamanda insanlar arasında bağlılığı daha da artırmaqla yanaşı, stress hallarını isə azalmasına şərait yaratmışdır. İnsanların bir-birilərinin dərdinə həmrəy olmasını müşahidə edirik. Belə olan hallarda isə düşmən vahid düşmənə çevrilir və nəticədə düşmənə layiqli cavab verilməsində əminlik yaranır, xalqın ordu ilə vahid birliyi ortaya qoyulur.
Azərbaycan diplomatiyası üçün sınaq ayı
Dörd bir yandan düşmən havadarları ilə mübarizə aparmaq, Azərbaycanın beynəlxalq hüquqa uyğun olan haqq işini dünyaya çatdırmaq, ona dəstək qazanmaq son dərəcə çətin idi. Amma bu günə olan nəticələr ondan xəbər verir ki, Azərbaycan düşmənin çalışdığı mühasirə vəziyyətinə düşmədi.Əksinə, böyük dövlətlər ordumuzun işğalda olan ərazilərində əməlriyyatlar aparmaq hüququnu etiraf etməyə məcbur oldular. Bu işdə prezident İlham Əliyevin şəxsən özünün fəaliyyəti xüsusi ilə rol oynadı. Prezident dünyanın aparıcı media orqanlarına silsilə müsahibələr verib Azərbaycanın haqq işini izah etdi, eyni zamanda Ermənistanın işğalçılıq siyasətini, terrorçu mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Azərbaycan liderinin bəzi KİV-lərin qərəzli suallarını sərrast cümlələrlə darmadağın etməsi cəmiyyətdə böyük rəğbətlə qarşılandı.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın hədsiz təzyiqlərə rəğmən geri çəkilməməsi, güclü dövlətlərin aşkar-gizlin hədə-qorxularına əhəmiyyət verməməsi, qardaş Türkiyə ilə birgə irəli addımlaması çox hesabları yanlış çıxardı. Bu da Azərbaycana cəbhə ilə bərabər diplomatiyada da uğurlar qazanmasına gətirib çıxardı.
Mövcud olduğu regionun lideri statusunu daşıyan, eləcə də, postsovet məkanının ən güclü dövlətlərindən biri kimi xarakterizə olunan Azərbaycanın mövqeləri beynəlxalq sferada da günü-gündən güclənməkdədir. Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyətdə indi Azərbaycanın mövqeləri ilə daha çox hesablaşırlar. Ölkəmizin maraq dairəsinə daxil olan məsələlərdə mütləq onun istək və mənafeləri nəzərə alınır, yeni regional düzən siyasətinin müəyyənləşməsində Azərbaycan əsas müəlliflərdən biri kimi çıxış edir. Bu durum Azərbaycanın ən ağrılı problemi kimi dəyərləndirilən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də yeni və ölkəmizin maraqlarına cavab verən mərhələnin başlanmasını şərtləndirməkdədir. Təsəvvür edin, indiyədək ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Prezident İlham Əliyevin xalqa müraciətində söylədiyi kimi, otuz ilə yaxındır yalnız vaxtımızı almaqla məşğul olduğunu nə ilə izah etmək olar? Hər dəfə yalan vədlər verilirdi, baş qatırdılar. Lakin Azərbaycanın Qarabağ cəbhəsəindəki döyüş uğurları, informasiya cəbhəsindəki psixoloji üstünlüyü ona gətirib çıxarıb ki, indi həmin dövlətlərin rəhbərləri bir aydır az qala hər gün Azərbaycan Prezidentinə zəng edirlər, atəşkəsin əldə olunmasını xahiş edirlər. Bunlar isə, təbii ki, Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin nüfuz göstəricisidir.
Döyüş meydanında məğlubiyyət Ermənistanda siyasi böhran yaradıb
İndi isə gəlin görək, müharibənin bu bir ayı Ermənistanda vəziyyət necə oldu? Azərbaycanı yeni əraziləri işğal etməklə təhdid edən, qondarma seçkilər keçirib Şuşada parlament iclası çağıran, sərxoş vəziyyətdə qol götürüb yallı oynayan Tonayan, Paşinyan hansı durumdadırlar?
Düşmənin düşdüyü biabırçı vəziyyəti təsvir etməyə bir məqalə yetməz. İşğalda olan ərazilərdən vurulub çıxarılan düşmən ordusunun minlərlə hərbçisi öldürülüb, yaralıları isə hospitallar tutmur. Döyüş meydanında tökülüb qalan meyitlərin sayı-hesabı yoxdur, Ermənistan rəhbərliyi onları itkin kimi qələmə verməyə məcbur olub. Çünki bu sayda ölünün Ermənistana aparılması Paşinyan hakimiyyətinin sonunu gətirə bilər.
Döyüş meydanında vurulub qalan hərbi texnikanın sayı isə ortabab bir ölkənin bütün arsenalına bərabərdir. Rusiyadan pulsuz verilən silah-sursat, hərbi texnikanın yarıdan çoxu Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb. Prezident İlham Əliyev xalqa müraciətində onların sayını açıqlamışdı:
305 tank, 79 piyadaların döyüş maşını, 275 müxtəlif çaplı toplar, 106 mina atan, 53 tank əleyhinə vasitə, 82 "Qrad” qurğusu, 2"Uraqan”, 2 YARS (Yaylım Atəş Raket Sistemi), 1 TOS, 4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki "S-125” zenit-raket kompleksi məhv edilib.
Ən bahalı qurğulardan olan 6 "S-300” zenit-raket kompleksi, bir aşkaretmə stansiyası, bir lokatr, 2 əməliyyat-taktiki raket kompleksi - "Elbrus” və 1 "Toçka-U” raketi darmadağın edilib. Düşmənin toplam 404 yük avtomobilindən məhrum edilib ki, onun 20-si sursatla dolu olub.
Onu da qeyd edək ki, statistikada qeyd olunan hərbi texnikanın bir hissəsi hərbi qənimət kimi götürülüb. Ekspertlər bildirirlər ki, bu və digər hərbi texnika itkilərini hesablayanda Ermənistan ordusunun 1 ay ərzində 2 milyard dollardan çox maddi itki verdiyi üzə çıxır.
Döyüş meydanında düşmən ordusunun pərən-pərən salınması Ermənistanda siyasi böhran yaradıb. Baş nazir Paşinyan isterik, xaotik hərəkətləri ilə özünü gülünc vəziyyətə salıb. Bütün rəqibləri, keçmiş hərbçilər məğlubiyyətin məsuliyyətini onun üzərinə yükləyib geri qaçmağa imkan vermirlər.
Hər gün artan itkilər erməni cəmiyyətində hiddət doğurur, döyüşən orduda fərarilik baş alıb gedir, gəncləri silah gücünə cəbhəyə aparmaq artıq mümkün olmur. Ermənistanda yaxşı başa düşürlər ki, faciəli sonluğa çox az qalıb, ona görə böyük dövlətlərə yalvar-yaxar etməklə Azərbaycanı dayandırmağa çalışırlar. Amma məğlubiyyət erməni diplomatiyasını da əvvəlki silahlardan məhrum edib. Əvvəl taybatay açılan qapılar getdikcə onların üzünə bağlanır. Paşinyan dünya liderlərinə aramsız zəngləri ilə gülüş, məsxərə obyektinə çevrilib. Bir ay kifayət etdi ki, bir əsrdən çoxdur aparılan erməni siyasəti, “Böyük Ermənistan” xülyası Azərbaycan əsgərinin çəkmələri altında əzilib yox olsun. Azərbaycan ordusu nəinki Ermənistanın «odda yanmaz, suda batmaz»lığı ətrafında süni yaradılmış mifi, həm də düşmənin Qarabağın müstəqilliyi barədə uzun illərdir xəyalından keçirdiyi arzularını darmadağın etdi, artıq ona psixoloji sarsıntı yaşatmaqdadır. İş o yerə çatıb ki, Paşinyan xalqa yalvarır, döyüş meydanından qaçmamağı tövsiyyə edir, boğaz çəkir. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin sözləri ilə ifadə etsəm: bəs hanı Cıdır Düzündəki o yallı rəqsi, Şuşanı paytaxt etmək vədləri? Yoxdur, bu xam xəyalların hamısı Azərbaycan ordusunun bir yaylım atəşi ilə göyə sovruldu. Və bununla da Ermənistandakı Qarabağa müstəqillik arzuları dronlarımızın sərrast raket atəşlərində paramparça olub dağıldı! Ermənistandakı hakimiyyət də, bu hakimiyyətin yalanlarına indiyədək inanmış xalq da, Paşinyana dəstək verən, qızışdırıb üstümüzə göndərən xarici havadarlar da yaxşı anlayır, bunu nə qədər gizlətsələr də, mahiyyət aydındır.
Tariximizin şanlı səhifələrini yaşayırıq
Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün apardığı əks-hücum əməliyyatları şərəfli tariximizdə özünəməxsus yerini tutacaqdır. Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində yüksək döyüş peşəkarlığı nümayiş etdirir, ən müasir və yüksək dəqiqliyə malik silahlardan istifadə edir. Vaxtilə bəzilərinin “neft pulları hara gedir?” kimi sərsəm suallarının cavabını bu döyüşlər açıq şəkildə verdi.
Azərbaycan Ordusu 30 ildir həlli mümkün hesab edilməyən bir problemin çox vacib bir hissəsini cəmi bir ayda yoluna qoydu. Ordumuz BMT-nin Təhlükəsiz Şurasının qəbul etdiyi qətnamələri uğurla yerinə yetirir. Biz öz torpağımızda vuruşaraq uzun illər bərpa edilməyən ədaləti bərpa etməyə çalışırıq və bizim işimiz haqq işidir.
Məğlubiyyətinin uzaq olmadığını görən düşmən özünü hiyləgərliyə qoyur. Döyüşlər gedən müddətdə 2 dəfə Moskvada, 1 dəfə Vaşinqtonda humanitar atəşkəs imzalansa da Ermənistan bu razılaşmaların heç birinə əməl etməyib. Həm də onlar elə bir çətin vəziyyətdədir ki, atəşkəs bizə deyil, daha çox ermənilərə lazımdır. Bu halda belə, atəşkəsə əməl etməyən bir dövlət itib-batan “gücünü” yenidən topladıqdan, yeni silahlarla silahlandırıldıqdan sonra rahat dayanacaqmı? Əlbəttə, yox! Erməni baş naziri, təlxək Paşinyanın yalvarışları da maskalanmaqdan başqa bir şey deyil. O, sülhə getmək üçün deyil, qalan qüvvələrini yenidən toplamaq, fasilədən istifadə edərək yeni silah və texnika partiyalarının gətirilməsini gözləmək və bundan sonra yenidən hücuma keçmək arzusundadır. Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan hər 3 atəşkəsi bir neçə dəqiqə sonra pozaraq Azərbaycan mülki əhalisinə artilleriya və raket zərbələri endirib. Buradan belə bir nəticəyə gəlmək olar ki, ermənilər məsələnin sülh yolu ilə həllini istəmirlər. Çünki bütün beynəlxalq qanunlar ölkəmizin lehinədir. Bu qanunlar tətbiq edilsə, onlar bütün cəfəng iddialarından əl çəkməli olacaqlar. Bunlar isə əl çəkmək istəmirlər. Belə olan halda güc tətbiqi qaçılmazdır.
Düşməni zəbt etdiyi mövqelərdən sürətlə geri çəkilməyə məcbur edən, çoxlu sayda zirehli texnikasını və canlı qüvvəsini sərrast atəşlə məhv edən Azərbaycan Silahlı Qüvvələrinin böyük əzm və rəşadəti xalqımızın hədsiz sevincinə, vətənpərvərlik və milli qürur hissinin alovlanmasına yeni təkan verib. Hər kəs Vətən müharibəsində qalib olacağımıza, qədim şəhərimiz olan Şuşaya bayraq sancacağımıza ürəkdən inanır! Bu inamı bizə yaşadan qüdrətli ordumuza və Ali Baş Komandamıza eşq olsun!
Qarabağ Azərbaycandır!
Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi