Azərbaycan 27 sentyabrdan Vətən müharibəsi yaşayır. Bu müddət ərzində ölkəmizə dəstək verən, onun yanında olan da, düşmən tərəfində olub, terroru dəstəkləyən də hər kəs üçün bir daha aydın oldu. Çox təəssüf ki, Azərbaycana qarşı çıxıb, erməni terrorunu dəstəkləyən, mülki insanları qətlə yetirən Ermənistan ordusuna maddi yardım edən və yaxud yardım göstərmək istədiyini dilə gətirənlər arasında ölkəmizin çörəyini yeyib, suyunu içən, burada biznes qurub, kifayət qədər maddi gəlir əldə edənlər də var.
Onlardan biri moskvalı iş adamı, Bakının mərkəzindəki “AnderSon” kafesinin sahibi Anastasiya Tatulovadır.
Məlum olduğu kimi, ötən gün Tatulova sosial şəbəkədə bu müharibədə Ermənistana maddi yardım göstərmək istədiyini dilə gətirib:
“Mən ermənilərin tərəfindəyəm, əlbəttə. Həm düşüncələrimlə, həm pulumla və hər şeyimlə”.
Qeyd edək ki, Bakının mərkəzində, Nəsimi rayonunda yerləşən bu kafe 2017-ci ildən fəaliyyət göstərir. Belə çıxır ki, Tatulova illərdir Bakıda qazandığı pullarla Azərbaycana qarşı çıxıb, bu ölkədə terrorlar törədən, mülki insanları qətlə yetirən Ermənistan ordusuna dəstək olur.
Tatulova əslində iç üzünü ortaya qoyan həmin statusunun azərbaycanlı izləyicilər tərəfindən sərt reaksiya ilə qarşılandığını görüb, onu sildi və hər iki tərəfin “könlünü alacaq” statusla əvəz etdi. Amma artıq gec idi. Qalmaqallı statusdan xəbəri olan hər bir azərbaycanlı və Azərbaycanın haqq savaşının yanında olanlar Tatulovanın səhifəsinə girərək, onu terrora dəstək verməkdə günahlandırıb, Bakıdakı kafe şəbəkəsinin boykot edilməsi ilə bağlı çağırışlar ediblər.
“Anderson Baku”nun Bakıdakı rəhbərliyi də qalmaqala dərhal reaksiya verərək, bu şəbəkə ilə əməkdaşlığı tamamilə dayandırdığını və bu brenddən tamamilə imtina etdiklərini açıqladı.
Axar.az xəbər verir ki, Musavat.com-un əməkdaşı adıçəkilən kafedə olub, mövcud vəziyyəti yerindəcə araşdırmağa çalışıb.
3 ildir ki, “AnderSon” kafesinin əməkdaşı kimi çalışan Elmira Nağıyeva qeyd edib ki, kafenin sahibi olan Anastasiya Tatulovanın bu addımı işçi heyəti üçün gözlənilməz olub:
“Çox təəccübləndik ki, “AnderSon” şəbəkələrinin sahibi Anastasiya Tatulova bu cür səhv addım atar. Doğrusu, onun yazdığı statusu gec gördük. Lakin direktorumuz həmin statusu görən kimi doğru qərarını verdi”.
Elmira Nağıyeva qeyd edib ki, artıq Anastasiya Tatulova ilə olan bütün müqavilələr ləğv edilib:
“Bu məsələyə o sadəcə statusunu silməklə reaksiya verdi. Biz ümid edirik ki, “AnderSon” adlı kafe bir də Bakıda olmayacaq. Artıq bizim çalışdığımız bu kafenin adı dəyişdirilir. Hələlik kafemizin yeni adının nə olacağını müəyyən etməmişik. Beləliklə bundan sonra kafemiz başqa ad altında müştərilərə xidmət etməkdə davam edəcək”.
Elmira Nağıyeva ilə söhbətləşəndə məlum olub ki, kafenin bir əməkdaşı hazırda ön cəbhədə döyüşlərdə iştirak edir:
“Həmin əməkdaşımız 3 il idi ki, kafemizdə işləyirdi. İndi isə ön cəbhədə düşmənə qarşı döyüşür. Bu gün hər birimiz rdumuzun, xalqımızın yanındayıq. Bu baxımdan Tatulovanın bu cür səhv addımı bizim üçün qəbuledilməzdir”.
Onu da əlavə edək ki, Anastasiya Tatulova sonda izləyicilərin sərt reaksiyasına tab gətirməyərək, Feysbuk səhifəsindəki bütün şəkil və postlarını silib, şərh bölümlərini bağlayıb. Örtük şəklini isə “Biz müharibənin əleyhinəyik” yazısı ilə əvəzləyib.