Xəbər lenti


Vətən müharibəsi bütün təntənəsi, müqəddəsliyi ilə davam edir. Şanlı Ordumuz illərdir mövqelərdə möhkəmlənən düşmənə sarsıdıcı zərbələr endirir, şəxsi heyyətini, texnikasını sıradan çıxarır... və bu prosesin məntiqi yekunu kimi illərdir gözlədiyimiz proses icra olunur – azad edilmiş yerlərə üçrəngli Bayrağımız sancılır.

 

Hər bayraq sancılanda ürəyimizə batırılmış bir Qarabağ tikanı çıxır.

Hər qarış torpaq azad ediləndə ömrümüz bir il də uzanır sanki...

Bunu bütün varlığımla hiss edirəm.

Biz bütün cəbhələrdə düşmənə qalib gəlirik, eləcə də arxa cəbhədə. İnsanlarımız Ordumuza, əsgərimizə dəstək üçün əlindən gələnin daha artığını edir. Müdafiə Nazirliyi məlumat yayır ki, dövlət Ordumuzun bütün zəruri ehtiyaclarını qarşılayır, əlavə nəyəsə ehtiyac yoxdur. Amma xalq əsgərinin canının daha isti, qarnının daha tox, ümidinin, gücünün daha çox olması üçün dayana bilmir, nələrsə edir!

İş o yerə çatıb ki, insanlarımız cəbhə xəbərləri ilə yanaşı, hava proqnozunu da izləyir. Bəlkə də dünyada ilk dəfədir ki, bir xalq hava proqnozuna baxarkən yağış, qar yağmaması, havanın soyumaması, külək əsməməsi üçün dua edir - Əsgəri üşüməsin deyə!

Qarabağ sevgisi, həsrəti ağbirçək bir ananın “deyəsən, yağış yağacaq, əsgərlərimiz islanacaq, Allah, sən özün kömək ol” deməsi qədər həssas məqamlara qədər gedib çıxır.

Ötən gün oxudum. Əyni nimdaş, ayaqqabıları köhnə bir baba ASAN Xidmətə gəlib. Deyib ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm.

Hər kəs heyrətlə ağsaqqala baxıb. Ağsaqqal soruşub ki, azdır bu pul? Deyiblər, baba, bu pul dünyalar qədərdir.

O, 180 manatı Ordumuz üçün köçürdükdən sonra “Əsgərə məktub” da yazıb.

Onlarla, bəlkə də yüzlərlə belə nümunə var. Bax, bizi Qələbəyə həm də bu birliyimiz aparacaq. Mənim nəzərimdə o 80 yaşlı baba Ermənistan ordusunu təkbaşına darmadağın edir.

Bu gün biz təkcə Ordumuzla deyil, həm də bütün xalq olaraq tarix yazırıq.

Zəfər Tarixin mübarək, Azərbaycan!

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov