Mövcud olduğu regionun lider ölkəsi sayılan Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün güclü orduya, həmçinin tələb olunan digər bütün resurslara malikdir. İşğal edilmiş ərazilərin azad olunması üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə, Ermənistanın Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəyi təkcə beynəlxalq aləmdə yox, elə ermənilərin böyük əksəriyyəti tərəfindən də etiraf olunur.
Lakin problemin sülh yolu ilə həlli üçün bütün imkanlar hələ tükənmədiyindən Azərbaycan ərazi bütövlüyünün bərpası məqsədilə diplomatik cəbhədə miqyasını genişləndirməkdədir. Bu, həm də Azərbaycanın sülh yoluna sadiq olduğunun göstəricisidir.
Son dövrlərdə Ermənistan hakimiyyətinin bütün beynəlxalq konvensiyalara zidd addımları göstərir ki, təcavüzkar ölkə məkrli niyyətindən, terrorçu xislətindən əl çəkmək istəmir. Hərbi təxribatlar, silahlanma, işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasəti bu ölkənin sülh danışıqlarından imtinasını aşkar şəkildə ortaya qoyur.
Bu durum isə əlbəttə ki, Azərbaycanı narahat etməyə bilməz. Çünki mövcud vəziyyət göstərir ki, Ermənistanın terrora dəstək verən siyasi hakimiyyəti açıq-aşkar Azərbaycanı təxribata çəkir. Beynəlxalq təşkilatlar isə yenə də təcavüzkarın çirkin oyunlarına göz yumurlar. ATƏT-in Minsk qrupunun son hadisələrdə Ermənistana heç bir təzyiq göstərməməsi Azərbaycan xalqının ciddi etirazına səbəb olub.
Bütün dövrlərdə olduğu kimi, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələni xüsusi nəzarətində saxlayan, bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında kəskin məsələ qaldıran və onların həllinə nail olan, milli maraqları qətiyyətlə, xüsusi prinsipiallıqla müdafiə edən Prezident İlham Əliyev yenə də xalqı narahat edən məsələyə dərhal reaksiya verdi. Dövlət başçısı həm danışıqlar prosesi ilə bağlı əsl həqiqətləri açıqladı, həm də BMT-nin ali tribunasından Ermənistana, işğalçının havadarlarına sərt xəbərdarlıq etdi.
Bundan öncə cənab Prezident sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirdi ki, əgər Ermənistan bu təxribatlarını davam etdirsə, Azərbaycan öz siyasətinə yenidən baxmalı olacaq və işğalçı üçün nəticələr çox ağır olacaq.
Bu, ilk növbədə, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, dəyişməz mövqeyinə sadiqlik nümayişi idi. Ölkə ictimaiyyəti Ali Baş Komandanın milli maraqlar naminə ciddi addımlar atdığına və istənilən müzakirələrdə Azərbaycan üçün mühüm sayılan məsələləri qaldırmaqdan qətiyyən çəkinmədiyinə daim şahidlik edir. Son bir neçə ayda Prezidentin bu istiqamətdəki prinsipial mövqeyi, qətiyyətli addımları, diplomatik bacarığı beynəlxalq birliyə növbəti mesaj oldu. Hər kəs bir daha əmin oldu ki, İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətində irəli sürdüyü prinsiplər dəyişməzdir.
Sentyabrın 21-də isə Azərbaycan Prezidenti Ermənistanın son təxribatlarını bir daha dünya birliyinə çatdırdı. İştirak etdiyi bütün beynəlxalq toplantılarda Azərbaycanın haqq səsini dünyaya bəyan edən Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda yenidən qətiyyətli və prinsipial siyasətini nümayiş etdirərək təcavüzkarın məkrli siyasətini ifşa etdi.
Həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Prezidenti kimi çıxış edən dövlət başçısı Ermənistan "rəsmilərinin” sərsəm ifadələrinə çox dəqiq və real faktlara əsaslanaraq fikirlər söyləməklə cavab verdi.
Cənab İlham Əliyev Ermənistanın baş nazirinin təxribatçı əməllərini 182 ölkənin dövlət və hökumət başçısının diqqətinə çatdıraraq dedi ki, N.Paşinyan Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Bu da onu təsdiq edir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə, təcavüzə hazırlaşır.
Təbii ki, Azərbaycan bunu açıq-aydın görür və düşmənin istənilən təxribatına hər zamankı kimi adekvat cavab verəcək. Ali Baş Komandan dəfələrlə bəyan edib ki, Azərbaycan Ordusu xalqımızın qürur, dövlətimizin güvənc mənbəyidir. Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, şəxsi heyətin vətənpərvərliyi, ruh yüksəkliyi, nizam-intizamı və peşəkarlığı qarşıda qoyulan bütün tapşırıqları uğurla yerinə yetirməyə əsas verir.
Ermənistanda həm terrorçu hakimiyyət, həm də ölkə ictimaiyyəti yaxşı başa düşür ki, onların xilas yolu Azərbaycanla münasibətlərin nizamlanmasından keçir. Münasibətlərin nizamlanmasının isə çox sadə yolu var, Prezident İlham Əliyevin yeganə şərti icra edilməlidir. Yəni erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
"AZƏRBAYCAN" qəzeti
24.09.2020-ci il