Xəbər lenti

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının ləğvi və onun əvəzinə İqtisadi Şuranın yaradılması ilə bağlı Fərman imzalayıb. 

 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Fərmanla yeni yaradılan İqtisadi Şuranın tərkibi təsdiq edilib. Şuranın sədri Baş nazir Əli Əsədov olub.

Şuranın tərkibinə aşağıda qeyd edilən üzvlər daxildir:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri;

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;

Azərbaycan Respublikasının İqtisadiyyat naziri;

Azərbaycan Respublikasının Maliyyə naziri;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri;

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri;

Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru.

Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilir.

Şuraya ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılır və bununla bağlı fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 

Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şurada yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

Həmçinin, “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ləğv edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov