Xəbər lenti

Təhsil naziri Emin Əmrullayev dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair qeydləri təsdiq edib.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, nazirin əmrində məqsəd təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Qaydalarda qeyd olunub ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırığı nəzərdə tutulmur. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimləri tərəfindən aparılır.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyeva həvalə edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov