Xəbər lenti

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

QMİ-nin Mətbuat xidmətindən daxil olan təbrik mətnində deyilir:

“Bismillahir-rəhmanir-rəhim!

 

Əziz müsəlman bacı və qardaşlarımız, möhtərəm həmvətənlərimiz!

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri – Eydül-Əzha-Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq, müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Şükürlər olsun ki, mənəvi dəyərlərə sahib duran dövlətimizin qayğısı və himayəsi sayəsində Azərbaycan müsəlmanları bu mübarək məqamı iki gün bayram etmək şərəfinə nail olublar. Bu əziz günlərdə Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dindarlarımızın xeyir-dualarını yetirir, xalqımızın dərin minnətdarlığını ifadə edir, dövlət-din münasibətlərinin yüksək səviyyəsi yönündə bütün səylərinə uğurlar diləyirik.

Builki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!

Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə yetim, kimsəsiz, ahıl, xəstə insanlara maddi, mənəvi yardım etmək savab əməllərdəndir. Qurbаn bаyrаmının sevincini qаçqın, кöçкün, кimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəкən insаnlаrа yаşаtmаq, özəlliklə pandemiya şəraitində ehtiyacı olan insanlara кönül хоşluğu ilə qeyd etməк imkanı yaratmaq Аllаhа хоş gedən sаvаb əməllərdəndir. Bayram günlərində imkansız, ehtiyacı olan insanlara qurban əti paylanması, habelə ərzaq və ya hər hansı sovqatın çatdırılması bəyənilən əməldir. Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu, vacib deyil, müstəhəb əməl olduğundan, bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır.

Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər birimizin mənəvi borcudur. Mənfur düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olublar, dinc mülki əhali qətlə yetirilib. Vətəni sevmək imandandır. Haqq işimiz yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!

Bu mübarək günlərdə xalqımızın rifah və səadəti üçün dualar edir, xüsüsilə pandemiya dövründə dövlət başçımız İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətini səfərbər edərək, dünyanı cənginə alan xəstəlik kabusundan müdafiə yönündə önəmli tədbirlərinə, humanitar addımlarına və nümunəvi beynəlxalq əməkdaşlıq istiqamətində BMT səviyyəsində dəstəklənən fəaliyyətlərinə Uca Allahdan uğurlar diləyirik. Bu əziz gündə dualar edirik ki, Allah-Təala möhtərəm dövlət başçımızın müstəqilliyimizi qorumaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac versin!

Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir, Allah-Təalanın nəzərinin hər zaman üzərimizdə bərqərar olmasını diləyirik. Uca Allah Azərbaycanı hifz etsin! Amin!”

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov