145 yaşın mübarək, "Əkinçi".
1991-ci ildə müstəqilliyimiz bərpa edildikdən sonra milli-mənəvi dəyərlərə qayıdış digər sahələrdə olduğu kimi mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulmuşdu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi.
Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinci" elm, maarifvə mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" tək ölkəmizdə deyil, kənarda da - Gürcüstanda, Dağıstanda, Özbəkistanda və başqa yerlərdə də yayılırdı. Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı. 1877-ci ildə qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq Azərbaycanda bir müddət Azərbaycanca mətbu orqan çıxmamışdır. Amma bütün bunlara baxmayaraq "Əkinçi" Azərbaycan mətbuatının mayakına ceviildi.
Bu gün Həsın bəy Zərdabinin ruhu bizimlədir. Ruhun şad olsun, millət fədaisi
"Bizimaz.az.