Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, eləcə də nazirliyin idarə rəisləri general-mayor Rasim Əliyev, general-mayor Rasim Babayev və digər zabitlər Qəbələ rayonunda şəhid general-mayor Polad Həşimovun və Bakı şəhərində şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər.
Hər iki ailənin qayğıları ilə maraqlanan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bir daha Ali Baş Komandanın və Müdafiə nazirinin başsağlıqlarını şəhid ailələrinə çatdıraraq, Prezident İlham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını ailələrə təqdim ediblər.
Söhbət zamanı şəhid general-mayor P. Həşimovun və polkovnik İ. Mirzəyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaqdır.
Modern.az