Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləmiş Artur Rasizadə Modern.az saytının suallarını cavablandırıb.

 

Qeyd edək ki, bu, 2017-ci ildə Baş nazir vəzifəsindən təqaüdə göndərilmiş Artur Rasizadənin mətbuata ilk geniş müsahibəsidir.
Onunla maraqlı söhbəti təqdim edirik:

- Artur müəllim, karantin günlərində əhvalınız necədir? Ümumiyyətlə, koronavirusla bağlı nə düşünürsünüz?

- Vəziyyətin daha da çətin olduğunu deyə bilərəm. Havaya da çıxmaq olmur. Evdə oturmuşuq. Ancaq başqa yolumuz da yoxdur. Çünki virus qorxulu hal alıb. Etinasız yanaşsaq, axırımız yaxşı olmaz. Ona görə də hər birimiz qaydalara əməl etməliyik. Dünya mətbuatını izləyirəm və bir çox tibb sahəsində çalışan alimlərin fikirləri ilə tanış oluram. Bəzi alimlərin əsas tövsiyəsi budur. Əllərini yu, tibbi maskadan istifadə elə, sosial məsafəni saxla...

- Dediyimiz kimi, insanların heç də hamısı evə qapanmaqdan məmnun deyil. Təhlükə olsa da, kimi dənizə, kimi rayona, kimi ölkə xaricinə getmək istəyir. Siz də həmişə aktiv siyasətlə məşğul olmusunuz. Bu situasiyada darıxmaq hissi varmı? Xüsusilə də keçmişə baxanda...

- Təbii darıxmaq var. Əgər kiminsə həyatının 60 ildən çoxu dövlət işində keçibsə, o mütləq darıxacaq. Bu, təbiidir. Birmənalı olaraq darıxıram.

- Maşallah, bu arada səsiniz çox yaxşı gəlir. Gümrah insan təsiri bağışlayırsınız.

- Elə bircə səsim gümrah qalıb. Qalan orqanlarım çürüyüb (gülür). Ümumiyyətlə, insan həyatının bir mərhələsi olur ki, yaş orada öz sözünü deyir. Həyatın elə qaydaları var ki, onu dəyişmək olmur.

- Yaşlı insanları təsəlli etmək üçün belə fikir səsləndirirlər: "Karantin dövründə nəvələrlə vaxt keçirin”. Hardadır nəvələr?

- İndiki halda nəvələr belə yoxdur. Təbii, nəvələrim böyükdür artıq. Azyaşlı deyillər. Koronavirusa görə görüşlərə icazə verilmir. Çünki yoluxma ola bilər. O səbəbdən də karantin müddətində nəvələrimlə də görüşmürəm.

- Nəvələrlə də görüşə bilmirsiniz. Bəs evəqapadılma vəziyyətində gününüzü necə keçirirsiniz?

- Kitab oxuyuram, internetdə informasiyaları izləyirəm. Ancaq televiziyaya baxmıram. Bir az da istirahət edirəm, vaxt keçir.

- Artur müəllim, sizinlə bir qədər açıq danışmaq istəyirəm. Bu günə qədər haqqınızda dolaşan bəzi məsələlər var ki, cavabsız qalır. Məsələn, birmənalı olaraq ananızın erməni olduğu iddia olunur. Ancaq bu barədə heç vaxt danışmamısınız. Əsl gerçəkləri sizin dilinizdən eşitmək istəyirik.

- Yazılanlardan məlumatım var. Rəhmətlik anamın pasportu hələ də məndədir. Sovet dövründə pasportda saxta nəsə etmək olmazdı. Ona görə də erməni məsələsi boş söhbətlərdir. Ümumiyyətlə, heç bir insan valideynlərini özü seçmir. Digər tərəfdən isə kiminsə anasının, ya da atasının hansısa millətdən olması haradasa maraq kəsb edə bilər. Düşünürəm ki, əsas məsələ bu deyil. Əsas məsələ xalqına, dövlətinə qarşı millətçilik ruhunun güclü olmasıdır. Xalqın mənafeyi naminə çalışmaq, işğal olunmuş torpaqların necə azad edilməsi barədə düşünmək vacib məsələlərdir. Rəhmətlik anamın atası belçikalı olub. Anamın atası çar dövründə Rusiyanın Rostov şəhərinə gəlib. Rostovda balaca müəssisə yaratmışdı və ayaqqabı tikişində istifadə olunan mis istehsal edirdi. Rəhmətlik nənəmlə orada tanış olublar. Nənəm yarırus, yarıpolyak olub. Orada da ailə qurublar.

Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər. Vəssalam, şüt tamam!

Söhbət açılmışkən bir hadisəni danışım. Günlərin birində xarici nümayəndələri qəbul edirdim. Söhbət bir qədər uzananda siyasi məhbus məsələsini dilə gətirdirlər. Bizdə siyasi məhbus olmadığını bildirdim. Cavab olaraq "bəzi müxalifət qəzetlərində yazırlar ki, sizin ananız ermənidir. Bu doğrudur?!”, - deyə soruşdular. Birmənalı olaraq "yalandı!” dedim. Onları niyə məhkəməyə vermədiyimi soruşdular. "Yazırlar, qoy yazsınlar. Əgər lazım olsa, anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var” dedim. İndi mənim anamın milliyyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir.

- Ananızla bağlı yazılanlara susduqca həyat yoldaşınız barədə də erməni söhbəti gündəmə gəlib. Hətta gəlininiz haqqında da yazılıb. Bu barədə nə deyə bilərsiniz?

- Yoldaşımın taleyi mənim taleyimlə oxşar olub. Mən də "xalq düşməni” ailəsinin üzvü olmuşam, o da. Görkəmli ədib Hüseyn Cavid sürgün olunanda bizə "xalq düşməni”nin qohumları deyirdilər (Artur Rasizadə Hüseyn Cavidin qardaşı nəvəsidir - müəllif). Yoldaşımın atası İbrahim Zeynalov da 1937-ci ildə "xalq düşməni” damğası ilə həbs olunaraq güllələnib. İxtisasca mühəndis olub. Neft şirkətində müavin işləyirdi. Sizə sənədlərlə danışıram. Hamısı arxivdə durur.

Həyat yoldaşımın atası Moskvada oxuyanda rus mənşəli qızla tanış olub evləniblər. Yoldaşımın atası azərbaycanlı, anası isə rus olub. Atasını güllələyiblər, anasını isə Qazaxıstana sürgün ediblər. Həyat yoldaşım 9 yaşında ata-anasız qalıb. Bibisi onu böyüdüb.

Övladlarıma gəlincə heç nəyə yox, gəlinimin erməni olmasına həmişə ürəkdən gülmüşəm. Arada zarafatla deyirdim: "Kaş gəlinim erməni olaydı, ona görə ki, o zaman oğlum da olardı”. Tale elə gətirib ki, mənim yeganə övladım var, o da qızdır. Demək, gəlinim heç vaxt ola bilməz.

- Yoldaşınız öz seçiminiz olub, yoxsa ailələriniz sizi tanışdırıb?

- Yoldaşımla eşq yaşamışam. Dərin bir eşq! Bəli, eşq! Ailə qurmağımızda kimsənin müdaxiləsi olmayıb...

- Bir məsələdə də adınız çəkilir. 20 yanvar qətliamı baş verməzdən öncə Sovet qoşunlarını Azərbaycana dəvət etdiyiniz iddia olunur. Maraqlıdır ki, xalqın taleyinə bağlı olan məsələdə də susmusunuz. Sizin iştirakınızla belə bir hadisə baş veribmi?

- Bu barədə də xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə, yalandır...

- Ananızın erməni olması barədə yazılanlardan tutmuş xalqın taleyində mühüm rol oynayan 20 Yanvar hadisələrinə qədər susmusunuz. Susmağınıza nə səbəb olub?

- Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi: "yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, "bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”

- Artur müəllim, bayaq oğul məsələsində fərqli danışdınız. Deyəsən, oğlunuzun olmasını çox arzulamısınız?

- Bir qızım var. Oğlum olmayıbsa, bu da Allahın işidir. Mən nə deyə bilərəm ki!

- Ancaq qız övladı ataya daha yaxın olur. Razısınız?

- Əlbəttə, razıyam. Hətta qızım mənə daha çox oxşayır. Yoldaşım 2013-cü ildə dünyasını dəyişəndən sonra qızım baxır mənə.

- Taleyinizin keşməkeşli olduğunu dediniz. Bu, tanınmış nəslin övladı olmağınızdan irəli gəlir, yoxsa necə?

- Təvazökarlıq kimi çıxmasın. Bir dönəm olub ki, əziyyət çəkmişik. Orta məktəbi Lənkəranda bitirib Bakıya gəldik. İçərişəhərdə 6 kvadrat metrlik evdə yaşayırdıq. Evin pəncərəsi də yox idi. Müharibə zamanının övladlarıyıq. Atamı xatırlamıram. 6 yaşım olanda müharibəyə gedib və geri qayıtmayıb. Anam rus ola-ola bizi tək böyüdüb. Bir bacı, bir qardaş olmuşuq.

- Kiçik yaşlarınızda atanızı itirmisiniz. Maraqlıdır, milliyyətcə rus olan ananız sizi Azərbaycan ruhunda necə tərbiyə edib?

- Anam həmişə mənə danışırdı ki, atan müharibəyə gedəndə bir xahişi olub. "Oğlum azərbaycanlılığını itirməsin”. Çünki biz Hüseyn Cavidin ailəsi ilə sıx əlaqədə idik. Qohum kimi gedib-gəlirdik. Mənim Azərbaycan ruhunda böyüməməyim qeyri-mümkün idi. Mən kiçik olanda valideynlərim tez-tez Bakıya gəlib-gedirlərmiş. Həmişə də Hüseyn Cavidin evində qalardıq. Xatırlayıram ki, anam Cavid həbs olunmazdan qabaq Bakıya gəldiyimizi danışıb. 2 ay Cavidin evində qalmışdıq. Cavid bizi teatra piyada aparırdı. Qabağına çıxan xanımlar, bəylər "Cavid əfəndi, salam” deyib keçirdilər.

- Hüseyn Cavidin ailəsi ilə sıx təmasda olsanız da, sizin Azərbaycan dilinizdə yaxşı danışa bilməməyiniz həmişə müzakirə mövzusu olub. Haqqınızda "Ana dilini bilməyən vəzifəsini də icra edə bilməz” deyiblər.

- O qədər ata-anası azərbaycanlı olub yarıtmaz işlərlə məşğul olanlar var ki! Onda nə ilə məşğul olurdular, yaxud da indi nə ilə məşğul olurlar!... Düzdür, çox xoşbəxt olardım ki, bəziləri kimi Azərbaycan dilində danışa bilim. Həyat elə gətirib ki, rus dilində oxumalı olmuşuq. Buna baxmayaraq, danışanda Azərbaycan dilində rahat danışıram, danışanı da 100 faiz başa düşürəm. Ancaq latın qrafikasının hərflərini oxuyanda çətinlik çəkirəm. Baş nazir olanda nə qədər sənədlərə imza atmışam. Heç bir sənədi oxumamış imza atmamışam. Bu ola da bilməzdi.

Sizə bir sirr açım: mənim bir gözüm görmür. Bu, çoxdan belədir. O zaman çıxıb deməli idim ki, gözümün biri görmür?!

- Qayıdaq Hüseyn Cavidin evində keçirdiyiniz illərə. Cavidin bütün yaradıcılığı ilə tanış olduğunuzu söyləmək olarmı?

- Əlbəttə. Bir çox şeirlərini əzbər də bilirəm. Siz də Cavidin əsərlərini bəyənməmiş olmazsınız.

"Turan qılıncından dar kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”.

- Bəlkə, sizin də gizli şairlik istedadınız var, biz bilmirik!

- Heç vaxt şeir yazmaq istedadım olmayıb. Mən mühəndisliyi sevib-seçdim. Ancaq atam şeirlər yazıb. Dəftərləri hələ də qalır. Cavidin bütün əsərlərini çox sevirəm.

- Artur müəllim, son vaxtlarda ölkədə prezident tərəfindən köklü kadr islahatları aparılır. Siz bu barədə nə deyə bilərsiniz?

- Cənab prezidentin apardığı islahatları yaxından izləyirəm. Birmənalı olaraq çox yüksək qiymətləndirirəm. Cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu cür işlər görür.

- Ard-arda işdən çıxarılıb həbs edilən icra başçıları arasında korrupsiya və rüşvətxor əməllər törədənlər, dövləti çapıb-talayanların kimliyini hər kəs bildi. Niyə icraedici orqanlarda çalışanlar bu cür hərəkətlər edirlər?

- Düzü, bilmirəm bu onların təbiətindən, yoxsa, savadsızlığından irəli gəlir?! Ağlıma gətirə bilmirəm ki, insanlar bu qədər rüşvəti nə edirlər?! Ancaq faktlar heç nəyi dəyişmir. Fakt faktdır.

- Uzun müddət eyni komandada təmsil olunduğunuz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də bir müddət öncə postundan kənarlaşdırıldı. Ramiz Mehdiyevin Administrasiyadakı fəaliyyəti haqda birmənalı fikirlər yoxdur. Elə vaxtilə hakimiyyətdə birlikdə çalışdığınız bəzi tanınmış şəxslər Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi "qara işlər"də ittiham ediblər. Siz bu barədə nə deyə bilərsiniz?

- Bunlardan məlumatım var. Bilmirəm, bunlar nəyə lazımdır?! Ancaq bunun iki yolu var. Ya gərək haqqında yazılanlarla bağlı məhkəməyə müraciət edəsən, ya da çıxıb birbaşa reaksiya verəsən. Başqa yolu yoxdur. Biri var deyəsən ki, filankəsin anası ermənidir, biri də var deyəsən ki, filankəs dövləti talayıb. Bunlar fərqli məsələlərdir.

- Ümumiyyətlə, ikiniz də eyni vaxtlarda hakimiyyətin əsas simaları olmusunuz. Bu gün Ramiz müəllimlə zəngləşib dərdləşirsinizmi?

- Əlaqə saxlamırıq. 2018-ci ilin aprelində istefaya göndərildim. Bir dəfə Ramiz müəllimlə telefon əlaqəmiz olub. O vaxtdan bu günə kimi əlaqəmiz olmayıb. Həm də mən vəzifədən gedəndə Ramiz müəllim hələ Administrasiyanın rəhbərliyində qalırdı, məndən çox sonralar getdi... Sonra, görünür, daha mənimlə işləri olmayıb deyə axtarılmadım. Bu da normaldır.

- Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla münasibətləriniz necədir?

- Zamanında vəzifə icra etmişik deyə normal əlaqələrimiz olub. Bütün icra aparatlarında çalışanlarla aram normal olub.

- Bu gün nə Oqtay Əsədov, nə də siz yüksək vəzifə tutursunuz. Ancaq Oqtay Əsədov sizdən fərqli olaraq incik təsiri bağışlayır. Sanki yenidən Milli Məclisin sədri olmamağını həzm edə bilmir, sıravi deputatlığa alışmır. Bu cür hallar nə dərəcədə doğrudur?
- Nəinki vəzifə, heç ömür belə əbədi deyil. Bu dünyada daimi heç nə yoxdur. Hesab edirəm ki, hər birimiz bu gün burada, sabah başqa yerdə olduğumuzu qəbul etməliyik. Eyni zamanda dövr dəyişir axı! Yeni nəsil gəlməlidir, gənclər vəzifələrdə təmsil olunmalıdır. Artıq XXI əsrdir. Dünyada gedən prosesləri izləyirəm. İnternet üzərindən dünyanın o başından xəbər tuturuq...

- Bəs Allahşükür Paşazadə ilə münasibətləriniz necədir?

- Şeyx həzrətlərini soruşursunuz?

- Bəli

- Çox yaxşı münasibətlərimiz var. Arada zəngləşirik. O, mənim xətrimi çox istəyir, mən də onun xətrini çox istəyirəm.

- Şeyx haqqında da çox şayiələr gəzir, ya da yazırlar. Nə dərəcədə doğrudur?

- Yazırlar da. Mən söhbətə başlasam, kitab yazmaq olar.

- Yeri gəlmişkən, nə əcəb, memuar yazmaq haqqında düşünmürsünüz?

- Bunun 2 səbəbi var. Birinci səbəb Hüseyn Cavidin həyat yoldaşı Müşgünaz xanım və qızı Turan xanımla bir vaxtlar daimi sıx əlaqədə olmağımızla bağlıdır. Anam Cavidin yoldaşını və qızını bütün qohumlarından üstün tuturdu. Cavidə görə evi gəlib yoxlayırdılar. Əlyazmaları-filan götürüb aparırdılar. O zamandan beynimdə qalıb ki, sənədləri saxlamaq doğru deyil. Ələ keçən yazışmalardan hansısa mənalarda istifadə edə bilərlər. İkinci səbəb isə tarixlə bağlıdır. Gərək tarixə 50 ildən sonra qayıdasan. Çünki indi yazsam, kiminsə xoşuna gəlməyəcək, yazmasam da.... Bu da adamın özünə əziyyət olmayacaq.

- Haqqınızda neqativ xəbərlərlə yanaşı, müsbət fikirlər də səslənir. Bəziləri sizi xalq və dövlət üçün gərəkli şəxs adlandırır. Bu barədə də danışa bilərsiniz?

- Özüm haqqında necə danışım?! Bu, doğru deyil. Jurnalistlərə məsləhət görərdim ki, Arturun işlədiyi yerlərdə əgər kimlərsə qalıbsa, onlardan soruşsunlar. O zaman biləcəklər ki, Artur hansı işləri görüb. Ümumiyyətlə, ailəmiz həmişə təvazökar olub. Özümüz haqqında danışmağı sevməmişik.
Söhbət açılmışkən bir hadisəni danışım: Baş nazir ola-ola bir gün anam zəng etdi. Soruşdum ki, "ay ana, hardasan?!”, cavab verdi ki, "qızımın yanındayam”. Necə getdiyini soruşanda "trolleybusla” dedi. Cavab verdim ki "ay arvad, burada otururamsa, deməli, səni harasa aparmağa, taksi göndərməyə imkanım var”. Ailəmiz belə olub.

- Bir övladınız olsa da, onu davamçınız kimi yetişdirmədiniz. Bu gün yeganə övladınız – qızınız hansısa vəzifəni tuta bilərdi.

- Mənim yaxın ailə üzvlərimin heç biri vəzifədə deyil. Bir hadisə olmuşdu, ad çəkmək istəmirəm. Xahiş etmişdilər ki, "filankəsi vəzifəyə qoyaq”. "Nə qədər ki, mən Baş nazirəm, bu, baş tutmayacaq” demişdim. Xarakterim belə olub. Bu da ailəmdən gələn tərbiyədən asılıdır.

Dövlət Plan Komitəsinin müavini idim. İsmayıl Əliyev vardı. Allah rəhmət eləsin! Neft Akademiyasının rektoru olub. Bir dəfə kabinetdə oturmuşam. Katibə dedi ki, "İsmayıl müəllim sizinlə danışmaq istəyir”. O zamanlar gənc idim. İsmayıl müəllim yaşca məndən boyük idi. Heç demə o xəbər tutub ki, Nailə Rasizadə mənim qızımdır. Mənə dedi ki, "sənin qızına tələbə vəsiqəsini mən verirəm, ancaq sən bir dəfə də olsun mənə deməmisən ki, qızın burada oxuyur. Qızına nə köməklik lazımdırsa, edərəm”. Cavab olaraq "kömək məsələsi bizlik deyil” dedim.

- Bəziləri Artur adını eşidən kimi erməni məsələsini gündəmə gətirirlər. Hətta "buna bir Azərbaycan adı tapmadılar ki, gedib erməni adı qoydular?!” deyə söyləyənlər də var. Kim qoyub adınızı?

- Mən dünyaya gələndə anam ölüm-dirim savaşı aparıb. Məni güclə dünyaya gətirib. Voyniçin "Ovod” əsərini oxumusunuz?

- Əlbəttə. Çox maraqlı əsərdi. Ata-oğul üzə-üzə gəlir...

- Hə, bax əsərdəki həmin oğul, yəni Artur adını da atam mənə qoyub. Ancaq anam adımın ya Teymur, ya da Tofiq olmasını çox istəyib. Atam isə əsərdən təsirlənib deyə adımı Artur qoyub. Savadı olmayanlar da durub deyirlər ki, Artur erməni adıdır. Çünki kitab oxumayanlar belə şeyləri bilməz. Oxusaydılar, rast gəldikləri adları bilərdilər...