Xəbər lenti


 

Dünyanı ağuşuna almış yeni növ koronavirus (COVID-19) infeksiyası bir çox dövlətin ciddi sosial-iqtisadi və səhiyyə problemləri ilə qarşı-qarşıya qalmasını şərtləndirib. Pandemiya ilə mübarizə strategiyasını düzgün müəyyənləşdirən dövlətlər minimum itki ilə vətəndaşların rifahı və sağlamlığının qorunmasına mümkün qədər nail olmağı bacarıblar.

Koronavirus pandemiyasına qarşı mübarizədə önləyici tədbirlər almaqla ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib.

 

Pandemiya ilə mübarizədə birliyimiz və həmrəyliyimiz ən yüksək səviyyədədir. Bu birliyin və həmrəyliyin təminatçısı Azərbaycan xalqı və onun öz Prezidentinə olan sonsuz inamı və etibarıdır. Dövlət başçısının nümayiş etdirdiyi unikal idarəçiliyi, operativ reaksiya qabiliyyəti, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti ölkəmizin pandemiyadan minimum ziyanla çıxmasını təmin edib.

Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunub.

Dünyanın 150-dən çox ölkəsi pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən çıxmaq üçün beynəlxalq maliyyə qurumlarının qapısını döyməkdə ikən, Azərbaycan nəinki belə dövlətlərin sırasında deyil, əksinə, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları həcmində ianə ayırıb. Bundan başqa,     5 milyon ABŞ dolları həcmində vəsaiti Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ayırıb. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan koronavirusla mübarizə məqsədilə daha 14 dövlətə dəstək verib. Bu dəstək həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatları əhatə edir.

Ölkə daxilində görülən tədbirlər də nümunəvidir. Cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edildi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir.

Təkcə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 600 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində oldu.

Pandemiya dövründə dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanılması üçün müvafiq işlər aparılmış və həmin işlər indi də davam etdirilir. Qeyri-dövlət sektoru üzrə işçilərin məşğulluğunun qorunması məqsədilə pandemiyanın ilk günlərindən işəgötürənlərlə bağlı ciddi iş aparılır. Aparılan təşkilati işlər dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunmasına imkan vermişdir.

Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məşğulluq imkanlarının artırılması, kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı kompleks mübarizə tədbirlərinin, xüsusilə işəgötürənlərə və işçilərə qeyri-formal məşğulluğa son qoyulması barədə edilən çağırışların uğurlu nəticəsi olaraq statistik hesabatlardan əmək müqavilələrinin sayında artım tempinin davam etdiyini görürük.

Nəticədə 2020-ci ilin mayın əvvəlinə olan məlumata görə, əmək müqavilələrinin sayı 105 min artmışdır. Daha pozitiv məqam ondadır ki, onlardan 94 minə yaxını özəl sektorun payına düşür. Eyni zamanda bu dövr ərzində ölkə üzrə əməkhaqqı fondu 8 faiz, özəl sektorda əməkhaqqı fondu isə 12 faiz artmışdır.

Dövlət işini itirənlərə öz sosial dəstəyini də göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində (aprel-may) 190 manat vəsait aldı.

Digər bir diqqətəlayiq tədbir məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılmasıdır. DOST Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilmişdir. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Prezident İlham Əliyevin timsalında  böyük intellektə, dərin zəkaya, analitik düşüncə qabiliyyətinə, prinsipial və qətiyyətli mövqeyə malik dünya səviyyəli lideri var. Dövlətimizin başçısının insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti mərhəmət, nəciblik və şəfqət kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri ilə daha da möhkəmlənir.

Koronavirusla mübarizə hələ də davam edir. Karantin qaydalarının tətbiqi nəticəsində xəstələrin sayını və ölüm hallarını aşağı səviyyədə saxlamaq mümkün idi. Bu qaydaları uzatmaq iqtisadiyyatımızın problemlərini artıra bilərdi, iş yerlərinin açılması və ticarətin başlanması zəruri idi.

Amma mərhələli başlanan yumşalma xəstə sayını yenidən artırdı. Xüsusi karantin rejiminin yumşaldılmasından istifadə edən bəzi vətəndaşlar qaydalara əməl etmədi və qoruyucu vasitələrdən istifadəyə laqeyd yanaşdılar. Bunun da nəticəsində koronavirusa yoluxanların sayı sağalanların sayını üstələdi. Təbii ki, bu təhlükə dövlətimizin başçısını narahat etməyə bilməzdi. Bundan sonra, təbii olaraq, bir sıra sərt qərarların qəbul edilməsi məcburiyyəti ilə üzləşməli olduq. İlk növbədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə məcburi oldu. Həmişə olduğu kimi, möhtərəm Prezidentimiz bu işdə də nümunə göstərdi. Bu çətin günlərdə regionlara səfərlərini davam etdirən, yeni müəssisələrin açılışını edən Prezident İlham Əliyev iştirak etdiyi tədbirlərdə tibbi maskadan istifadə etdi. Deməli, tibbi maskalardan istifadə etmək vacibdir ki, dövlət başçısı bu addımı atıb və digərlərinə də nümunə göstərib.

Vəziyyətin gərginləşməsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah həftə sonlarında bir sıra qadağaların, məhdudiyyətlərin və sərtləşdirmələrin həyata keçirilməsi barədə qərar qəbul etdi. Bu, çox düzgün və düşünülmüş qərardır. Yenidən sərt tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Başqa alternativimiz yox idi. Karantin rejiminin tələblərinə hər birimiz əməl etməliyik. Hamımız başa düşürük ki, sərtləşən qaydalar özümüzü, ailə üzvlərimizi və bütövlükdə Azərbaycanımızı qorumaq üçündür.

Son vaxtlar yoluxma hallarının ciddi şəkildə artması hamını narahat edirdi. Buna bir çox vətəndaşlarımızın biganəliyi şərait yaratdı. Çünki hələ də koronavirusun ciddi fəsadlar törədəcəyinə biganə yanaşanlar var. Amma nəticə göz qabağındadır. Ona görə də vətəndaşlarımız məsuliyyətsizlik, biganəlik göstərməməli, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciətlərinə, çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, onların tələblərinə bir nəfər kimi əməl etməlidir.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində görülən genişmiqyaslı tədbirlərin əsas məqsədi  əhalinin sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaqdır. Vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Tibbi maska taxmaq, məsafə saxlamaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Məsuliyyətli olaq, özümüzü, ailəmizi, yaxınlarımızı qoruyaq.

Fikirlərimi yekunlaşdırarkən pandemiya ilə mübarizədə Azərbaycan həmkarlar ittifaqlarının atdığı müəyyən addımları da xatırlatmaq istəyirəm. Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları bütün imkanlarını səfərbər etmişlər.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin qətiyyətli addımlarını dəstəkləyərək işəgötürən tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınması vacibliyi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daxil olmaqla İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından işəgötürənlərə Bildiriş göndərilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçiriləcək profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu (Operativ Qərargah) yaradılmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 100 min manat vəsait köçürmüşdür. Eyni zamanda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülmüşdür. Aprelin 14-də “Abşeron Kristal” MMC və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilən aksiya çərçivəsində Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət 1000-dən çox sovqat paylamışlar.

AHİK-in üzv və tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 24.153 aztəminatlı ailəyə 670.000 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylanmışdır. Ərzaq yardımı, yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 989 min 267 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 173 min 160 manatlıq qoruyucu vasitələr paylamışdır. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmişlər. Həmkarlar ittifaqlarının ilk təşkilatlarından isə Dəstək Fonduna 82 min 440 manat vəsait köçürülmüşdür. Bu qəbildən olan maddi və mənəvi yardımlar indi də davam etdirilir.

Koronavirusla mübarizədə əsas ağırlığın səhiyyə işçilərinin üzərinə düşdüyünü nəzərə alan sahə həmkarlar ittifaqı bu kateqoriyadan olan işçilərin pandemiya dövründə sosial problemlərinin həllinə xüsusi diqqət yetirmişdir. Səhiyyə sahəsində çalışan aztəminatlı ailələrə pandemiya başlayandan 1552 ailəyə 68.434 manat məbləğində, 5711 nəfərə isə 402.375 manat maddi yardım edilmişdir. 92441 ədəd isə qoruyucu vasitələr paylanmışdır. Qoruyucu vasitələrə 55.564 manat sərf edilmişdir. Bununla yanaşı, AHİK-in üzv təşkilatları olan təhsil, dövlət, mədəniyyət, rabitə, neft, aqrar və digər sahələrdə çalışan işçilərin həmkarlar ittifaqları öz sahələri üzrə aztəminatlı ailələrə on min manatlarla ərzaq və maddi yardımlar göstərmişlər.

Ümumiyyətlə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 2.263.949 manatdan çox vəsait xərclənmişdir.

Bütün bunlarla yanaşı, COVID-19 pandemiya şəraitinin gənclərin sosial-iqtisadi problemlərinin həllinə təsiri ilə bağlı sorğu keçiririk. Sorğu yekunlaşdıqdan sonra nəticələr ümumiləşdiriləcək, bizdən asılı məsələlərinin həllinə çalışacağıq.

Yeri gəlmişkən, pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi ölkədə, bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarının fəaliyyətinə də öz mənfi təsirini göstərməkdədir. Hər şeydən əvvəl həmkarlar ittifaqlarının balansında olan müalicə, istirahət və turizm, idman müəssisələrinə qəbulların dayandırılması, bu obyektlərdə çalışan işçilərin sosial psixoloji əhvali-ruhiyyələrinə mənfi təsir göstərmişdir. Eyni zamanda karantin rejimi ilə bağlı bəzi sahələrin fəaliyyətinin məhdudlaşdırılması həmkarlar ittifaqlarından daxil olan üzvlük haqlarının azalmasını qaçılmaz etmişdir. Bu da ümumilikdə həmkarlar ittifaqlarının maliyyə vəziyyətinə təsir göstərmişdir.

Bütün bunlarla yanaşı, bir daha demək istəyirəm ki, çoxsaylı həmkarlar ittifaqı üzvləri, həmişə olduğu kimi, bu gün də cənab Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir!

Həmişə Sizinləyik, möhtərəm Prezidentimiz!

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov