Bakı sakini Gülər Əliyeva dərslərin bitməsindən sonra 4 məktəbli uşağıyla nə edəcəyini bilmir. Uzun yay tətilində uşaqlar harda və necə istirahət etsin sual onun üçün cavabsızdır.
bizimaz.az “Həyətə düşüb oynayırlar, günorta evdə başlarını qatırlar. Amma düzənli bir istirahət qura bilmirik”, o deyir.
Bakıda bir neçə özəl şirkət məktəblilər üçün yay düşərgəsi təşkil edir.
Düşərgələr 4-17 yaşlı uşaqlar üçün nəzərdə tutulur.
BBC News Azərbaycancanın müxbiri bu düşərgələrin qiyməti və təklif edilən xidmətlərlə maraqlanıb.
Ən ucuzu 40, ən bahalısı 1600 manat
Yay düşərgələrinin ən ucuzunun qiyməti 40 manat, ən bahalısı isə 1600 manatadır.
40 manata təklif edilən düşərgə Nabranda təşkil olunur və 8 gün nəzərdə tutulur. Bura nəqliyyat, qalmaq üçün yer (çadır), qidalanma, köynəklər, atıcılıq, atçılıq, oxatma, idman oyunları, şəhər turu və s daxildir.
Ən bahalı 1600 qiymətə olan düşərgədə – 4 həftə Qubada qalmaq mümkündür. Qiymətə nəqliyyat, qalmaq üçün yer, qidalanma, əyləncələr, debatlar, idman oyunları, ingilis dili tədrisi daxildir. Şirkət qiymət yüksəkliyini düşərgədə xarici dil kurslarının təşkili ilə izah edir.
Xəzər sahillərində də yay düşərgələri var. 1 ay ərzində yemək, gündəlik aparıb gətirmə, müxtəlif əyləncələr bir uşaq üçün 800 manata təklif olunur.
“Günü 50-100 manata da düşərgə olar”
Amma bu qiymətlər dörd uçaq anası Gülər Əliyeva üçün əlçatan deyil. O, BBC News Azərbaycancaya deyir ki, uşaqlar üçün təşkil edilən yay düşərgələri ilə maraqlanıb, ancaq deyilən qiymətlər ailə büdcəsini aşıb:
“Mən dörd uşağın hansı birinə pul verim? Uşağın birini düşərgəyə göndərsəm, o birilər axı qalır. Ailəmizin aylıq gəliri 300-400 manatdır. Bu pula həm ailəni dolandırmaq, həm də düşərgəyə göndərmək olmur”, – xanım Əliyeva deyir.
8 yaşlı oğlunu göndərməyə “cibinə uyğun düşərgə” tapmadığını deyən Günay Məmmədova da qiymətlərin bahalılığından şikayətlənir.
“Tək anayam. Heç bir gəlirim yoxdur və ailəmin dəstəyilə dolanıram. Nabranda olan düşərgələrlə maraqlandım ki, uşağı heç olmasa bir neçə gün havaya çıxara bilim. Elə qiymətlər dedilər ki, göndərə bilmədim. Günü 50-100 manata da düşərgə olar?!”, – o deyir.
Gülər Əliyeva düşünür ki, sovet dövründə olduğu kimi məktəblilər üçün simvolik məbləğə düşərgələr təşkil olunsa, aztəminatlı ailələr də məktəblilərin yay tətilində suallarla üz-üzə qalmazlar.
“Layihədə uşaq düşərgələri də var”
Təhsil Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, bəzi qeyri-hökumət təşkilatları ilə Lerik və Qubada yalnız qısamüddətli ekoloji yay düşərgələri təşkil olunacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov BBC News Azərbaycancaya deyib ki, uşaqların istirahət hüququ ilə bağlı xüsusi dövlət proqramının qəbul olunması vacibdir.
“Hazırda “uşaq strategiyası” və Uşaq Məcəlləsi layihələri hazırlanıb və bu layihələrdə uşaqlar üçün düşərgələrin yaradılması ilə bağlı xüsusi müddəalar var. Bu layihələrin bu il qəbul olunmasını gözləyirik”, – o deyib.
Cənab Səfərov əlavə edib ki, komitə xüsusi kateqoriya uşaqlar üçün ödənişsiz düşərgələr təşkil etsə də, maliyyə vəsaitinə görə bütün uşaqları əhatə edə bilmir.
“Komitə birbaşa müharibə zonasında yerləşən ailələrin uşaqları üçün hər il öz hesabına düşərgələr təşkil edir. Bu düşərgələr liderlik məktəbi adı altında təşkil olunur və hər il 200-250 uşaq iştirak etməklə Şamaxıda, İsmayıllıda, Abşeronda və digər bölgələrdə keçirilir”, – o söyləyib.
Komitə nümayəndəsi əlavə edir ki, hökumət tərəfindən uşaqlar üçün ümumrespublika istirahət komplekslərinin yaradılması təşəbbüsü olmalıdır və bu, sadəcə yay düşərgəsini əhatə etməməlidir.