Bu gün – fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçilib.

 

Bizimaz.az:  BAKU.WS xəbər verir ki, sessiyada çıxış edən Ali Məclisin Sədri göstərilən etimada görə muxtar respublika əhalisinə və Ali Məclisin deputatlarına təşəkkürlərini çatdırıb.

Qeyd edək ki, Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan MSSR Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb.

Vasif Talıbov
1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib. Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.

Vasif Talıbov Dünya Azərbaycanlılarının 1-ci qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilib. Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və “Naxçıvan abidələri” ensiklopediyasının redaksiya heyətinin sədridir. Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.