Prezident İlham Əliyev “Dostluq” ordenini Mövlud Çavuşoğluna təqdim edib.
Bizimaz.az: BAKU.WS prezident və Türkiyə XİN rəhbərinin dialoqunu təqdim edir:
Prezident İlham Əliyev: "Təbrik edirəm".
Mövlud Çavuşoğlu: "Hörmətli cənab Prezident, Sizin təqdirinizə layiq olmaq mənim üçün şərəfdir. Söylədiyiniz gözəl sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Siyasətə başladığım gündən bəri təkcə Türkiyənin haqqını deyil, Azərbaycanın haqqını da müdafiə etməyi özümə borc bildim. Əsasən, bunu da Sizdən öyrəndim.
Avropa Şurasına ilk getdiyimiz zaman Siz də Azərbaycan nümayəndə heyətinin rəhbəri idiniz. Orada Azərbaycan qədər Türkiyəni də müdafiə edirdiniz. Yenə, bir az əvvəl söylədiyim kimi, Türkiyənin olmadığı yerlərdə, xüsusilə “Türkiyə yox, amma biz varıq, mən varam” deyərək Türkiyənin haqqını hər zaman müdafiə etdiniz.
Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq hər zaman bir yerdə olacaqdır. Sizin liderliyiniz sayəsində ikitərəfli münasibətlərimiz daha çox gücləndi, Prezidentimiz Ərdoğan və Azərbaycan Prezidenti olaraq Zati-alinizin liderliyi ilə.
Sizin Azərbaycanla, bölgəmizlə bağlı mövqeyinizi hər kəs təqdir edir. Amma biz bunun reallıqda faydalarını çox gördük. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın sözü bizim üçün rəhbərdir:
İki dövlətik, amma bir millətik. Bir millətin övladları olaraq, əlbəttə, bir-birimizi müdafiə edəcəyik, bir-birimizə kömək edəcəyik. Mən Xarici İşlər naziri olaraq, - Elmar qardaşım qısqanmasın, - hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da Xarici İşlər naziri kimi çalışdım.
Bizim üçün ən böyük xoşbəxtlik böyüklərimizin bizi təqdir etməsidir. Amma bizim üçün ən böyük şərəf və orden də Azərbaycan və Türkiyə bayraqlarının – türk bayrağının bütün dünyada dalğalanmasıdır.
Şanlı bayraqlarımızın dünyada dalğalanması üçün bundan sonra da təkcə siyasi həyatımda deyil, ömürboyu Türkiyə üçün çalışdığım qədər qardaş Azərbaycan və Azərbaycan xalqı üçün də çalışmağa davam edəcəyəm. Bu orden üçün çox təşəkkür edirəm, hörmətli cənab Prezidentim".
Prezident İlham Əliyev: "Təşəkkür edirəm".
Mövlud Çavuşoğlu: "Sizə ehtiramımı bildirirəm".