İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralanan və azərbaycanlı olduğu iddia edilən şəxsin kimliyi araşdırılır.
Bizimaz.az: Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.
"Məsələ hazırda araşdırılır. Türkiyə tərəfindən verilən məlumata görə, sərnişinlər arasında Azərbaycan soyadı daşıyan 1 nəfərin olduğu təsdiqlənib. Lakin onun Azərbaycan vətəndaşı olub-olmadığı məlum deyil və kimliyi ilə bağlı məlumat araşdırılır", - deyə o bildirib.
***
XİN-dən Axar.az-a verilən məlumata görə, İstanbulda qəzaya uğrayan təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması ilə bağlı məlumat daxil olmayıb.
Qeyd edək ki, ötən gün "Peqasus" şirkətinə məxsus layner Sabiha Gökçən hava limanına enərkən zolaqdan çıxıb. Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sərt eniş edib, daha sonra sürüşərək yoldan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər yaralanıb.