Xəbər lenti



Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.
 
Bizimaz.az xəbər verir ki, "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə dəvət ünvanlayıb.
 
Nazir dəvətində bildirib ki, ölkədə istedadlı uşaqlarla iş ümumtəhsil müəssisələrindən başlayır: "Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edənlərin belə gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır. İstedadlı gənclər üçün təhsilin növbəti pillələrində də geniş imkanlar yaradılır. Onların tam və hərtərəfli inkişafı üçün müxtəlif proqramlar təklif edilir”.
 
C.Bayramov deyib ki, "Yüksəliş” müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır: "Bu müsabiqə istedadlı, hazırlıqlı, XXI əsrin tələbləri səviyyəsində bacarıqlara sahib gənclər üçün çox böyük imkan yaradır. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə peşəkar kadr ehtiyatının artırılmasıdır”.
 
Nazir vurğulayıb ki, müsabiqənin qalibi olan şəxslər fərdi inkişaf proqramı və təlimlərdə iştirak edəcək, tam idarəçi kimi yetişəcək və ölkənin gələcək inkişafında bilavasitə iştirak edəcək şəxslərdən biri olmaq imkanı əldə edəcək: "Yüksəliş” istedadlı şəxslər üçün yeni bir imkandır. "Yüksəliş”ə qoşulun, yüksəliş sizinlə başlasın”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov