Xalqımızın – “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” deyilən gözəl bir deyimi var. Görünür, müdriklərimizin müdrik kəlamlarını özünə həyat devizi seçən Allahşükür Quliyev seçdiyi yolda heç də yanılmayıb. Ali məktəbi bitirdikdən sonra bir müddət bankda işləyən LDU-nun hazırda elmi dərəcəsi olmayan elmi katibi sonradan yadına düşüb ki, arada “elmə xidmət etmək” lazımdır. Elə bu minvalla Lənkəran Dövlət Universitetinə üz tutub və burda özünə rahatca yer edərək qısa müddətdə rektor əvəzi Natiq İbrahimovdan artıq ikinci vəzifəsini də almağa nail olmuşdur.
Lənkəran Dövlət Universitetinə işə düzələndən sonra qısa müddətdə kadrlar şöbəsinin müdiri keçən Allahşükür Quliyev daha sonra bütün bacarığını səfərbər edərək heç bir elmi dərəcəsi olmaya-olmaya böyük bir dövlət universitetinin elmi katibi vəzifəsini əldə etməyə nail olur. Halbuki universitetdə onlarla elmi dərəcəsi olan həqiqi, vicdanlı elm adamları var ki, onları elə gözümçıxdıya salıblar.Həmin insanlara az qala Allahın bir müəllimliyini belə çox görələr. Normal elmi mühitdə çalışan insanların hər biri bilirlər ki, ali təhsil müəssisənin elmi katibinin heç olmasa fəlsəfə doktoru elmi dərəcəsi olması vacibdir.
Lakin görünür Allahşükür Quliyev rektor vəzifəsinin icra edən , riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimovun qəlbinə o qədər gözəl yol tapıb ki, dövlətimizin müəyyən etdiyi qayda-qanunları tapdayaraq heç bir elmi dərəcəsi olamayan bir adamı böyük bir universitetin elmi katibi təyin edib. Təbii ki, məsələ ilə bağlı Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovla əlaqə saxlayıb heç bir elmi dərəcəsi olamayan bir adamı böyük bir universitetin elmi katibi təyin etməsinin səbəbini soruşduqda heç bir qanuna əsaslanmayan məntiqsiz cavab aldıq: “O məndən öncə universitetdə işləyir”.
Biz də məsələ ilə bağlı araşdırma aparananda məlum oldu ki, Allahşükür Quliyev nə vaxtdan universitetdə çalışır. Bizə və redaksiyamıza müraciət edən insanlara da əsas maraqları odur ki, nədən və elmdəki hansı “müstəsna xidmətləri”nə görə heç bir elmi dərəcəsi olamayan birisini Natiq İbrahimov 1 yanvar 2019-cu ildə universitetin elmi katibi təyin edib?
Cənab rektor yalan danışaraq məsuliyyətdən qaçmaq istəyərkən heç düşündümü Allahşükürün elmi katib vəzifəsinə təyinatı rəsmən onun müvafiq əmrilə olub. Natiq İbrahimovun bu işdə marağı nədir? Yəqin hörmətli rektor heç olmasa növbəti dəfə tutarlı bir dəlillə izahat verər ki, hansı istedadına görə heç bir elmi dərəcəsi olmayan Allahşükür Quliyevi elmi katib vəzifəsinə təyin edib? Belə haqsızlıqlar olan təhsil müəssisəsində hansı sağlam elmi mühitdən söhbət gedə bilər?
Hələ bu universitetdə elə heç bir elmi dərəcəsi olmayan Aynur Bünyadovanın kafedra müdiri, Ülkər Babayevanın elm şöbəsinin müdiri olmasının özü də LDU-da böyük bir haqsızlıqdan, ədalətsizlikdən, ən başlıcası biabırçılıqdan xəbər verir. Bu ən azı universitetin həqiqi elm adamlarına qarşı təhqirdir ki, elmi dərəcəsi olmayan biri gəlib kafedrada elmi dərəcəsi olan həqiqi alimlərə müdirlik, rəhbərlik edir.
Yəqin yeni təyin olunmuş Təhsil nazirimiz Emin Əmrullayev də məsələyə haqlı, doğru reaksiyasını verəcəkdir.
Eyvaz